Şuşa
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qürur günü kimi yazılıb. Həmin gün Azərbaycan Ordusu 28 il işğal altında qalan Şuşa şəhərini azad etməklə, Vətən müharibəsinin taleyini həll edib və xalqımıza Böyük Zəfəri yaşadıb. Bu il həmin möhtəşəm qələbədən beş il keçir – Şuşanın azad olunmasının 5 illiyi, Zəfərin 5 ili tamam olur.
Şuşa Azərbaycan mədəniyyətinin tacıdır. Burada doğulan Bülbül, Xurşidbanu Natəvan kimi dahilər xalqımızın mədəni irsini formalaşdırıblar. 1992-ci ilin mayında şəhərin işğalı xalqımız üçün böyük faciə, ağır itki idi. Amma xalqımız heç vaxt inamını itirməyib – hər bir Azərbaycanlının qəlbində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” amalı yaşayıb.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi bu arzunu reallığa çevirib. Qəhrəman Azərbaycan əsgəri və zabiti çətin sərt hava şəraiti, amansız döyüşlərə baxmayaraq, əlbəyaxa mübarizə ilə Şuşaya daxil olub və 8 noyabrda şəhəri azad edib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə Azərbaycan xalqının gücünü, birliyini və yenilməz iradəsini bütün dünyaya göstərib. Şuşanın azad olunması ilə Qarabağın azadlığı tamamlanıb, torpaqlarımıza azadlıq, millətimizə isə əbədi qürur bəxş olunub.
Bu gün Zəfərin beşinci ildönümündə Şuşa yenidən dirçəlir. Küçələr bərpa olunur, qədim abidələr bərpa edilir, Xarıbülbül festivalı, “Vaqif poeziya günləri” kimi mədəni tədbirlər burada keçirilir. Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtına çevrilib.
Beş il öncə qazanılan bu Qələbə sadəcə hərbi uğur deyil – xalqın birliyinin, şəhidlərin qanı ilə yazılan əbədi tarixdir.
Şuşa azaddır, Azərbaycan qalibdir!
Qalib ölkənin qalib xalqı, Zəfərin mübarək!
Nuray Əliyeva
