00:00:00
Yazar
Ayşən Səlimova
01.04.2026 22:43 31 3 dəq oxuma
Mədəniyyət

Şuşada musiqi bayramı: IX “Xarıbülbül” festivalı

Şuşada musiqi bayramı: IX “Xarıbülbül” festivalı

Mayın 14–15-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival Cıdır düzündə açılış konserti ilə başlayacaq və iki gün ərzində şəhərin müxtəlif məkanlarında davam edəcək.

 

 

Tədbirdə Azərbaycanla yanaşı ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Yaponiyadan musiqiçilər iştirak edəcək. 1989-cu ildən keçirilən festival işğaldan sonra yenidən Şuşaya qayıdaraq mədəni dialoqun və musiqi mübadiləsinin inkişafına xidmət edir. 

 

Mövzu ilə bağlı beynəlxalq “ALAŞ”ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, əslində milli kimliyin özünəxas manifesti kimi meydana çıxıb:

 

“Azərbaycanın mədəni yaddaşının simvolik kodlarından biri olan “Xarıbülbül” festivalı bu yaddaşın davamlılığı baxımından müstəsna əhəmiyyət daşıyır. 1989-cu ildə SSRİ-nin son illərində Şuşada təsis olunan bu sənət bayramı, əslində milli kimliyin özünəxas manifesti kimi meydana çıxıb. Mədəniyyətin “ruh mərkəzi” sayılan Şuşada belə bir tədbirin keçirilməsi heç də təsadüfi xarakter daşımırdı. Bu, Azərbaycan musiqisinin, xüsusilə, muğamın, aşıq sənətinin və ümumilikdə milli estetik düşüncənin daha geniş meydanlara açılan pəncərəsinə çevrilib. Festivalın keçdiyi yolu üç mühüm mərhələyə bölmək mümkündür. 1989-1992-ci illəri əhatə edən təsis və yüksəliş dövründə festival milli özünüdərk prosesinin mədəni ifadəsinə çevrilərək, müxtəlif xalqların iştirakı ilə beynəlxalq platforma funksiyasını yerinə yetirib. Lakin 1992-ci ildən sonra başlayan işğal səbəbindən festival öz doğma məkanından-Şuşadan ayrı düşərək məcburi köçkünlük həyatı yaşayıb. 2020-ci ilə qədər davam edən bu “köçürülən yaddaş” dönəmində tədbirin başqa şəhərlərdə keçirilməsi, həm də bir növ mədəni dirəniş aktı idi. Nəhayət, 2021-ci ildən etibarən başlayan qayıdış və bərpa mərhələsi ilə festival öz doğma ocağına dönüb. Şuşanın qurtuluşundan sonra bu ənənənin bərpası həm tarixi ədalətin təmin olunması, həm də mədəniyyətin öz doğma coğrafiyası ilə yenidən qovuşması mənasına gəlir. İşğal və qayıdış mövzusu mədəniyyətin həm siyasi, həm də mənəvi semantikasını ön plana çıxarır. Festivalın hicrət illərində başqa şəhərlərdə keçirilməsi sübut edib ki, mədəniyyət konkret məkanla bağlı olsa da, onun ruhu hər yerə daşına bilir. “Xarıbülbül” Şuşadan kənarda keçirildiyi illərdə belə, Şuşa ideyasını və nisgilini yaşadan “köç edən ruh” missiyasını daşıyır idi. Bu gün isə festivalın yenidən Şuşada gerçəkləşməsi dövlət suverenliyinin və ərazi bütövlüyünün mədəni təsdiqi sayılır. Belə bir mühitdə musiqi siyasətin “yumşaq güc” alətinə çevrilərək “səhnə üzərində suverenlik” fenomenini yaradır. Qarabağın rəmzi olan Xarıbülbül çiçəyi ilə festivalın adı arasında dərin simvolik bağlılıq var. Çiçək yalnız öz torpağında bitdiyi kimi, festival da məhz Şuşada öz tam və həqiqi mənasını tapır. Eyni zamanda, qardaş ölkələrlə yanaşı, Yaponiyadan ABŞ-yə qədər müxtəlif dövlətlərin təmsil olunması Şuşanı qlobal mədəniyyət dialoqunun mərkəzinə çevirir. Beləliklə, “Xarıbülbül” festivalı 1989-cu ildən bu günə qədər Azərbaycan mədəniyyət tarixində davamlılığın, müqavimətin və zəfərin ən parlaq simvolu kimi qalmaqdadır”.

 

Aydan Əsgərxanlı

#MƏDƏNİYYƏT
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər