Suya “diferensial qiymət” gəlir
Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.
Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.
Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu, əhali üçün yenilik deyil:
“Suyun diferensial tarifi əhali üçün yeni bir məsələ deyil. Hazırda işıq və qazda tətbiq edilən limitlər aşağı, orta və yüksək limitlərin müəyyənləşdirilməsini nəzərdə tutur. Tarif tətbiq olunarsa, qiymətlərin birmənalı olaraq dəyişəcəyi gözlənilir. İndi suyun bir kubu 70 qəpik, kanalizasiyanın bir kubu 30 qəpikdirsə, limit dəyişəndən sonra bunlar da limitə görə ən azından dəyişəcək. Aşağı limitin neçə qoyulacağı Tarif Şurasının səlahiyyətində olan məsələdir. Mümkündür ki, aşağı limit eyni qalsın, orta və yüksək limitlərdə artırılsın, lakin istənilən halda qiymət fərqi olacaq. Burada önəmli məsələ həm limitin həcmi, həm də onun aylıq və ya illik olmasıdır. Yayda suya tələbatın artmasını nəzərə alaraq, limitin illik verilməsi əhali üçün daha yaxşı olar. Limitlərin tətbiqi əslində müsbət bir prosesdir. Qiymətlər artanda hamısı eyni dərəcədə artmır, aşağı limitdə artım zəif olur. Bu sistem insanları qənaətə meylləndirir. Daha çox su istifadə edən imkanlı şəxslərdən daha yüksək məbləğ alınır ki, bu da sosial ədalət prinsipinə uyğundur. Həyəti böyük olan, hovuz dolduran və ya çox su istifadə edən şəxslərin daha baha ödəniş etməsi məntiqlidir. Limit ləğv olunub vahid qiymət qoyulsa, bu, aşağı deyil, orta qiymət əsasında müəyyən ediləcək ki, bu da az təminatlı təbəqə üçün sərfəli deyil”.
Lalə Qurbanlı
