“Təbiət sadəcə təbiət deyil, personajlarıma mühit yaradır”-Vüqar Quliyev
Azərbaycanlı rəssam Vüqar Quliyevin ABŞ-də “Tənhalığın əks-sədaları” (“Echoes of Solitude”) adlı fərdi sərgisi açılıb.
ABŞ-nin Aleksandriya şəhərində yerləşən İncəsənət Liqası (The Art League) adlanan qalereyada açılan sərgidə rəssamın müasir həyatdakı müşahidələrindən qaynaqlanan 17 əsəri nümayiş etdirilir. Rəsm əsərlərində insanlar arasındakı bağlılıq və məsafə, mövcudluq və yoxluq, eləcə də insanın daxili dünyası və yaşantıları ön plana çıxır.
Mövzu ilə bağlı rəssam Vüqar Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Tənhalığın Sədaları, əlaqə və məsafə, varlıq və yoxluq arasındakı məkanda yaşayan bir sıra rəsm əsərlərini bir araya gətirir:
“Müasir həyatın müşahidələrindən irəli gələn əsərlər sakit düşüncə, qeyri-müəyyənlik, həsrət və dözümlülük anlarını izləyir. Fiqurlar və mənzərələr daxili və ortaq təcrübənin fraqmentləri kimi görünür və sabit hekayələr əvəzinə çoxsaylı oxunuşlara dəvət edir. Rəng, simvolizm və atmosfer vasitəsilə sərgi izləyicilərin öz sualları, xatirələri və assosiasiyaları ilə qarşılaşa biləcəyi düşüncə mühiti yaradır. Bu görüntülərin içindəki titrəmələrlə rezonans doğuran şey qəsdən açıq qalır və bir əks-səda dinləyicisini tapmaq üçün gözləyir”.
Vüqar Quliyev qeyd edib ki, sərgidə 17 əsər var:
“Hamısı 2025–2026-cı ilin seriyasından olan işlərdir. Mənim üçün bütün əsərlər özəldir. Çünki hər birini əsasən emosiya bazasında işləyirəm və hər birinin özünün bir məxsusluğu var. “The Lovers” əsəri mənim üçün çox önəmlidir. Sonra “Fall Memory” çox önəmlidir. Ümumiyyətlə, insanları analiz etməyi sevirəm və insanların bir-biri ilə gündəlik həyatda olan əlaqələri və yaxud bizim formalaşmağımız maraqlandırır. Biz körpə, saf uşaq olaraq dünyaya gəlirik və o saf, o körpədən sonra illər keçir 20, 30, 40, 50 il keçir. Sonra olduğumuz formaya gəlib çatırıq. Yəni bu müddət ərzində kimsə saflıqdan çox uzaqlaşır, kimsə bu müddət ərzində yaxşı insana çevrilir, kimsə pis insana çevrilir. Mənim əsasən axtarışlarım, bunun üzərində olur.Kompozisiyalarda da əsasən bu mövzulara çox müraciət edirəm. Kompozisiyalarda təbiət də ola bilər. Məsələn təbiət, müxtəlif lokasiyalar, şəhər, urban lokasiyalarından da ola bilər.Bunların hamısının məqsədi mənim qəhrəmanlarıma ümumi abu-havanı yaratmaq üçün kömək edir. Təbiət sadəcə bir təbiət deyil, o təbiətin məqsədi personajlarıma o mühiti yaratmaqdır. Tamaşaçı işə baxanda həmin o abu-havaya düşə bilsin və özü fikir gətirsin oraya, yəni baxıb olduğu ilə qane olmasın. Özü beynindən, ruhundan oraya bir şeylər qatsın və öz xatirələrini, yaşadıqlarını orada görsün. Və vibrasiya; Hansı işlərdə vibrasiya var? Vibrasiya deyəndə titrənişlə texniki vasitə ilə həyata keçirirəm. Həmin o texniki vasitə mənim işlərimdə icazə verir ki, işlər statik olmasın. Çox az sayıda statik detal olur, əsasən bütün iş həmişə hərəkətdədir. Hərəkət odur ki, işi qoyub yanından gəzərkən, rənglərin bir-biri ilə olan münasibəti və texnikanın sayəsində müəyyən vibrasiya hiss edirsən”.
Nuray Əliyeva