Təbiətlə fiziki təmas immun sistemini gücləndirir və dərini xəstəliklərdən qoruyur
Torpağa, ağac qabıqlarına və ya yosuna toxunmaq insan sağlamlığı, xüsusən dəri və immun sistemi üçün böyük faydalar təmin edir. Finlandiyada aparılan son elmi araşdırmalar göstərir ki, təbiətlə birbaşa fiziki təmas dərinin mikrobiomunu zənginləşdirərək orqanizmin müdafiə qabiliyyətini artırır.
Finlandiya Ətraf Mühit İnstitutunun ekoloqu və təbiət-sağlamlıq tədqiqatçısı Mira Qrönroosun (Mira Grönroos) keçirdiyi eksperiment zamanı iştirakçılar əllərini 20 saniyə ərzində torpaq, torf və yosunla ovuşdurublar. Əllər su ilə yuyulduqdan sonra belə, dəridəki faydalı mikrobların sayı və müxtəlifliyində kəskin artım müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, dəridəki zəngin mikrob müxtəlifliyi zərərli və patogen bakteriyaların artmasının qarşısını alır.
"Sağlam dəri demokratiyaya bənzəyir"
Ekoloji tədqiqatçı Marja Roslundun rəhbərlik etdiyi və Finlandiyada 43 uşaq bağçasını əhatə edən "Vahvistu" layihəsi çərçivəsində torpaq və meşə örtüyü olan həyətlərdə oynayan uşaqların səhhəti araşdırılıb. Asfaltlanmış həyətlərlə müqayisədə, torpaq və bitkilərlə təmasda olan uşaqların dərisində mikroorganizmlərin müxtəlifliyi daha yüksək olub.
M. Roslund dərinin sağlamlığını siyasi sistemlə müqayisə edərək deyib: "Xəstəlik diktaturaya, sağlam dəri isə demokratiyaya bənzəyir. Dəridə başqa faydalı mikrobların sayı çox olduqda, patogen bakteriyalar üçün yer qalmır".
Araşdırma nəticəsində məlum olub ki, torpaqla təmas zamanı dəridə artan gammaproteobacteria bakteriyaları immun sistemini tənzimləyən və autoimmun xəstəliklərin qarşısını alan ağ qan hüceyrələrinin (T-hüceyrələri) fəaliyyətini stimullaşdırır. Bu isə ekzema, astma və allergiya kimi xəstəliklərin yaranma riskini azaldır.
Faydalar yalnız uşaqlar üçün deyil
Təbiətlə fiziki təmasın müsbət təsirləri böyüklərdə də müşahid olunub. Keçirilən digər sınaqlarda qış fəslində ev şəraitində zəngin torpaqla tərəvəz yetişdirən yetkin şəxslərin qanında iltihabəleyhinə sitokinlərin səviyyəsinin artdığı diqqətə çatdırılıb. Həmçinin, ofislərində canlı bitkilərdən ibarət "yaşıl divarlar" quraşdırılan işçilərin dərisində dərhal faydalı Lactobacillus bakteriyalarının artdığı və qandakı iltihab göstəricilərinin aşağı düşdüyü müəyyən edilib.
Güllər Gülhüseynova