00:00:00
Yazar
Səmayə Səftərova
27.05.2026 21:02 17 2 dəq oxuma
İqtisadiyyat

Təbii fəlakətlərin zərərlərini necə qarşılamaq olar?

Təbii fəlakətlərin zərərlərini necə qarşılamaq olar?

Son günlər ölkəmizin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu yağması, sel-subasma hadisələri, fırtına-qasırğa kimi hallar müşahidə edilir. Bu hadisələr kənd təsərrüfatı və əkin sahələrinə də zərər vurmaqdadır. Bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən Aqrar Sığorta Fonduna zərər müraciətlərinin sayı kəskin artıb.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, iqlim dəyişikliklərinin bu formada davam etməsi Azərbaycanda quraqlıq riskinin müəyyən qədər azalmasına səbəb ola bilər:

 

"Təbii fəlakətlər və intensiv yağıntılar kənd təsərrüfatının müxtəlif sahələrinə həm mənfi, həm də müsbət təsir göstərir. Bu məsələyə balanslı yanaşmaq vacibdir. Azərbaycanda əsas kənd təsərrüfatı sahələrindən olan dənli bitkilər, xüsusilə, taxıl əkinləri üçün son aylarda yağan yağışlar ümumilikdə faydalı olub. Hazırda yığım mövsümünə yaxınlaşan taxıl sahələri üçün aprel və may aylarında düşən yağıntılar məhsuldarlığın artmasına müsbət təsir göstərib. Yağış suları torpağın və bitkilərin kök sisteminin kifayət qədər nəmlənməsinə şərait yaradıb. Kartof və digər bəzi əkin növləri üçün də bu proses əlverişli hesab olunur. Bununla yanaşı, həddindən artıq yağıntılar müəyyən tərəvəz növlərinə zərər vurub. Xüsusilə, bəzi tərəvəzlərin çürüməsi halları müşahidə oluna bilər. Meyvəçilik sahəsində də müəyyən itkilər ola bilər. Məsələn, gilas kimi meyvələrdə intensiv yağışlar çatlamalara səbəb olur və nəticədə məhsul yararsız vəziyyətə düşür. Bu hallar daha çox yağışların məhsul yığımına yaxın dövrdə baş verməsi zamanı müşahidə edilir".

 

Ekspert vurğulayır ki, yağıntılar otlaq sahələrinə də ciddi təsir göstərir. Bu il yaşıllığın daha uzun müddət qalması otlaqlarda ot ehtiyatını artırıb:

 

 

"Keçən illərlə müqayisədə otların daha gec saralması müşahidə olunur ki, bu da heyvandarlıq üçün müsbət amildir. Xüsusilə, iribuynuzlu və xırdabuynuzlu heyvanların yaşıl otla daha uzun müddət qidalanması məhsuldarlığa müsbət təsir edir. Bununla belə, bağçılıq sahələrində alaq otlarının artması fermerlər üçün əlavə xərc yaradır. Ümumi mənzərəyə baxdıqda intensiv yağıntıların kənd təsərrüfatına təsiri daha çox müsbət qiymətləndirilə bilər. Lakin ayrı-ayrı sahələr üzrə həm müsbət, həm də mənfi nəticələr mövcuddur. Mövzu ilə bağlı aqrar sığorta sistemi də diqqət çəkən məqamlardandır. Azərbaycanda aqrar sığorta mexanizminin fəaliyyətində qeyri-şəffaflıq problemləri qalmaqdadır. Xüsusilə, zərərin qiymətləndirilməsi prosesində sui-istifadə risklərinin olduğu vurğulanır. Bəzi hallarda zərərin həqiqi həcmdən artıq və ya az göstərilməsi mümkündür. Bu isə həm qiymətləndiricilər, həm də bəzi fermerlər üçün maraq doğura bilər. Aqrar sığorta sisteminin maliyyələşməsində dövlət vəsaiti mühüm rol oynadığından, bu sahədə şəffaflığın artırılması xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliklərinin bu formada davam etməsi Azərbaycanda quraqlıq riskinin müəyyən qədər azalmasına səbəb ola bilər".

 

 

Səmayə Səftərova

#gündəm #yağıntı #təbii fəlakət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər