Təcrübədə olan şəxslərə hansı hallarda ödəniş verilməlidir?
Təcrübə proqramları gənclər üçün vacib öyrənmə mərhələsidir. Lakin onların gördüyü iş bəzən real əmək fəaliyyəti ilə üst-üstə düşür. Bu halda ödəniş məsələsi gündəmə gəlir.
Mövzu ilə bağlı Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, rəsmi təcrübəçi hər bir halda maaş almalıdır:
“Amma təhsil təcrübəsinə gedənlər ödəniş almır. İşçi kimi işə götürülmək üzrə təcrübəçi kimi rəsmiləşdirilənlər ödəniş almalıdır. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir”.
Fərhad Mehdiyev işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydalarını da qeyd edib:
“53-cü maddədə işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası qeyd olunur: Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürənin əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər”.
Nuray Əliyeva