00:00:00
Yazar
Lalə Qafarova
13.05.2026 19:45 24 2 dəq oxuma
Sosial

Təhsil mühitində dəyişən davranışlar: risklər və həll yolları

Təhsil mühitində dəyişən davranışlar: risklər və həll yolları

Son dövrlərdə Türkiyə məktəblərində baş verən hadisələr təhsil mühitində təhlükəsizlik, şagird davranışları və müəllim-şagird münasibətləri ilə bağlı ciddi suallar doğurub. Bu hallar cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqla yanaşı, məktəblərdə psixoloji mühitin vəziyyəti, sosial şəbəkələrin təsiri və tərbiyə mexanizmlərinin effektivliyi kimi məsələləri yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, bu kimi problemlər yalnız bir ölkə ilə məhdudlaşmır və region ölkələri, o cümlədən Azərbaycan üçün də müəyyən siqnallar verir.

 

Mövzunu daha ətraflı təhlil etmək üçün Qazax rayonu Daş Salahlı kənd A. Əmilov adına 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Afət Mahmudova ilə həmsöhbət olduq. O, Türkiyə məktəblərində baş verən son hadisələrin onu dərindən narahat etdiyini və bu halların türk dünyasında yaşanmasının üzücü olduğunu qeyd etdi:

 

“Bu cür hadisələrin baş verməsinin əsas səbəbi son zamanlar bəzi valideynlərin uşaqları ilə az vaxt keçirmələri və onlara yetərincə nəzarət etməmələridir. Əgər valideyn övladına düzgün nəzarət etsə və onu daim izləsə, belə hallar baş verməz. Şagirdlərin davranışlarının formalaşmasında sosial şəbəkələrin rolu böyükdür. Bir çox şagird sosial şəbəkələrdə, xüsusilə onlara zərərli olan oyunlarda çox vaxt keçirir. Yaşlarına uyğun olmayan mövzularla tanış olurlar ki, bu da onların tərbiyəsinə, davranışlarına, hətta sağlamlıqlarına mənfi təsir göstərir”.

 

Afət Mahmudovanın sözlərinə görə, tərbiyənin təməli ailədə qoyulsa da, şagirdlərin bir fərd kimi formalaşmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür:

 

“Şagirdlər gün ərzində bir neçə saat məktəbdə, müəllimlərin nəzarətində olurlar. Müəllim davranışı dəyişən şagirdi dərhal hiss edir. Əgər şagirdin hansısa problemi varsa, müəllim onunla fərdi söhbət aparmalı, çətinliyi ilə yaxından tanış olmalıdır. Müəllim həm şagirdə kömək etməli, həm də valideynlə əlaqə saxlayaraq onu bu problemdən qurtarmağa çalışmalıdır.

Bu yaxınlarda Azərbaycan məktəblərinin birində də bənzər hadisə yaşandı; xoşbəxtlikdən müəllim sağaldı və daha ağır faciə baş vermədi. Belə hadisələr ölkəmizdə yenidən təkrarlana bilərmi? Əslində, bu risk var, çünki qeyd etdiyim kimi, uşaqlar virtual məkanda çox vaxt keçirirlər. Lakin biz bu halların qarşısını almaq üçün çalışmalıyıq. Həm valideyn, həm də müəllim olaraq uşaqlara daha çox zaman ayırmalı, qayğı göstərməliyik. Elə etməliyik ki, onlar maraq dairələrini sosial şəbəkələrdə yox, real həyatda - valideynlərinin yanında, dostlarının əhatəsində tapsınlar. Belə olarsa, arzuolunmaz halların baş vermə ehtimalı minimuma enər”.

 

Güllüzar Nəbili

#azərbaycan #gündəm #risklər #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər