00:00:00
Yazar
Asiman Vəliyeva
26.03.2026 20:23 12 2 dəq oxuma
Sosial

Təkər seçimi yanacaq sərfiyyatına necə təsir göstərir?

Təkər seçimi yanacaq sərfiyyatına necə təsir göstərir?

Avtomobildə yanacaq sərfiyyatına təsir edən amillər arasında sürücülər çox vaxt mühərrik və sürüş tərzini əsas götürsə də təkərlərin rolu əksər hallarda diqqətdən kənarda qalır. Halbuki, avtomobilin texniki tələblərinə uyğun seçilməyən və ya düzgün istifadə olunmayan təkərlər yanacaq sərfiyyatının artmasına səbəb ola bilər. 


Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində usta İlkin Kərimov bildirir ki, sürücü bəzi hallarda yanacaq sərfiyyatının artmasının səbəbinin məhz təkərlərlə bağlı olduğunu anlaya bilər:

 

“Əgər avtomobil əvvəlki kimi istifadə olunur, sürüş tərzi dəyişməyib, amma yanacaq sərfiyyatında artım hiss olunursa, bu zaman diqqət təkərlərə yönəlməlidir. Xüsusilə, təkərlərin təzyiqi normadan aşağı olduqda mövsümə uyğun olmayan təkərlər istifadə edildikdə və ya təkərlər həddindən artıq aşındıqda bu problem daha çox özünü göstərir. Həmçinin zavod standartından fərqli ölçüdə təkər seçimi də mühərrikin daha çox güc sərf etməsinə səbəb olur ki, bu da nəticədə yanacaq sərfiyyatını artırır. Ümumilikdə ,təkərlər yanacaq sərfiyyatına birbaşa təsir edən amillərdən biridir. Bunun əsas səbəbi isə təkərlərin yuvarlanma müqavimətidir. Yuvarlanma müqaviməti nə qədər yüksək olarsa, avtomobilin hərəkət etməsi üçün bir o qədər çox enerji tələb olunur. Məsələn, aşağı təzyiqli təkərlər yol ilə daha çox təmas yaradır və sürtünməni artırır. Eyni zamanda geniş və ağır təkərlər də mühərrikə əlavə yük salır. Keyfiyyətsiz və ya köhnə təkərlər isə optimal performansı təmin etmədiyi üçün yanacaq sərfiyyatını yüksəldə bilər. Eyni avtomobildə fərqli təkərlərin istifadəsi fərq yaradır və bu fərq sürücü tərəfindən hiss oluna bilər. Məsələn, yanacaq qənaətinə uyğun istehsal olunmuş təkərlərlə standart və ya köhnə təkərlər arasında sərfiyyat baxımından nəzərəçarpacaq fərq olur. Bəzi hallarda bu fərq 5-10 faiz arasında dəyişə bilər. Xüsusilə, uzun məsafəli sürüşlərdə və yüksək sürətlərdə bu fərq daha aydın hiss olunur. Buna görə də,düzgün təkər seçimi yalnız təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan vacibdir”.

 

Mövzu ilə bağlı “İnformator.az” a danışan Namiq Hüseynov bildirir ki, təkərlərin yanacaq sərfiyyatına təsiri barədə ümumi məlumatım var:


“Bilirəm ki, təkərin təzyiqi aşağı olduqda və ya düzgün seçilmədikdə avtomobil daha çox yanacaq sərf edə bilər. Amma açığı, çox vaxt buna kifayət qədər diqqət yetirilmir və əsas səbəb kimi daha çox mühərrik və ya sürüş tərzi düşünülür. Yanacaq xərci artanda isə bunu hər zaman normal hal kimi qəbul etmirəm. Əgər artım hiss olunacaq dərəcədədirsə, səbəbini araşdırmağa çalışıram. Əsasən yanacağın keyfiyyəti, tıxaclı yollar və sürüş tərzi kimi amilləri nəzərə alıram, amma son vaxtlar təkərlərin də bu məsələdə rolunun böyük olduğunu daha yaxşı anlayıram”.


Ədilə  Hüseynzadə

#baki #azərbaycan #təsir #seçimi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər