Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” proqramı çərçivəsində Şuşa və Xankəndiyə səfər ediblər
Qonaqlar Şuşada Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası və Yuxarı Gövhər Ağa məscidi kimi tarixi yerləri ziyarət edərək şəhərdə aparılan bərpa işlərini yüksək qiymətləndiriblər. Xankəndidə isə Qarabağ Universitetində keçirilən görüşdə elmi əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin Zəfər meydanı və şəhərin inkişaf perspektivləri ilə tanış olublar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Türk Dövlətləri Təşkilatı indi inkişaf dövrünü yaşayır:
"Qarşılıqlı investisiyalar, ticarət, təhlükəsizlik sahəsində əməkdaşlıq, birgə hərbi təlimlər indi müzakirə mövzusudur. Bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ayrı-ayrı qurumlar arasında toplantılar, ortaq qərarlar və qarşılıqlı səfərlər daha sıx münasibətlərin qurulmasına tövhə verir. Bu cür səfərlər isə inteqrasiya baxımından çox əhəmiyyətlidir. Türk Dövlətlərinin diaspor nümayəndələrini II “INTERNSHIP” proqramı çərçivəsində Şuşa və Xankəndiyə səfəri həm də Azərbaycanın qısa zamanda azad Qarabağda həyata keçirdiyi quruculuq işləri ilə tanışlıq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, təşkilata üzv ölkələr də regionda quruculuq işlərində yaxından iştirak edirlər. TDT nümayəndələrinin Qarabağa səfəri eyni zamanda diaspor təşkilatlarının ortaq fəaliyyət imkanlarının dəyərləndirilməsi və beynəlxalq arenada bir-birinə dəstək baxımından mühüm əhəmiyyət kəsb edir".
Aişə Mustafayeva
