Türk Dünyası mediada birləşir
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir.
İclasda Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, TDT Baş katibinin müavini Ömər Kocaman və digər rəsmilər iştirak edir.
Mövzu ilə bağlı media eksperti Fərid Şahbazlı “İnformator.az”a açıqlamasında bildirib ki, son dərəcə əhəmiyyətli bir hadisədir:
"Türk Dövlətləri Təşkilatı çərçivəsində media və informasiya müşahidəçi qrupunun iclasının keçirilməsi son dərəcə əhəmiyyətli bir hadisədir. Bildiyiniz kimi, bu günə qədər Türk dünyasına aid ölkələr arasında ortaq media platformalarının yaradılması istiqamətində bir sıra təşəbbüslər olub. Məsələn, Azərbaycanla Özbəkistan arasında belə bir platforma yaradılıb.
Türk dünyasının birliyi və əməkdaşlığının gücləndirilməsi baxımından informasiya sahəsində ortaq fəaliyyətin təşkili, təbliğat imkanlarının artırılması böyük önəm daşıyır. Bu, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dezinformasiya və informasiya hücumlarına qarşı birgə mübarizə aparmasına imkan verir. Eyni zamanda, xalqların ortaq tarixi və mədəniyyətinin təbliği baxımından da çox vacibdir.
Bu mənada, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə konkret və əməli addımlar atması olduqca strateji əhəmiyyət kəsb edir. Çünki üzv ölkələrin hər biri öz regionunda sürətlə inkişaf edir, siyasi çəkisini artırır və bu, təbii olaraq müəyyən xarici maraq qruplarını narahat edir. Nəticədə, zaman-zaman bu ölkələrə qarşı informasiya hücumları təşkil olunur".
Aydan Əsgərxanlı
