Türk dünyasında dil birliyi
15 dekabrda ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur. Bu qərar UNESCO-nun Səmərqənddə keçirilən 43-cü Baş Konfransında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təşəbbüsü ilə qəbul edilib və 21 ölkə dəstəkləyib. Tarix Vilhelm Tomsenin 1893-cü ildə Orxon yazılarını deşifrə etməsi ilə bağlıdır.
Həmin gün Türk dünyasının ortaq dil, mədəniyyət və kimlik əsasında birliyinin möhkəmləndirilməsinə xidmət edir. Müstəqillikdən sonra bu əməkdaşlıq TÜRKSOY, TÜRKPA və Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli xarakter alıb.
Mövzu ilə bağlı tarixçi alim Boran Əziz “İnformator.az”a açıqlamasında bildirib ki, din və ərazi olmasa, millət sanki qanadları qırılmış quşa bənzəyir, amma dil yoxdursa, bu, başı kəsilmiş bədən kimidir:
“Məlumdur ki, millətin yaranması və formalaşmasında dilin mühüm rolu vardır. Ümumiyyətlə, millətin əsas göstəriciləri dil, din və ərazidir. Tarixi faktlar və bu faktların müqayisəli təhlili göstərir ki, zaman-zaman millət dinini dəyişə bilər, lakin dil yaşayırsa, millət də mövcud olur. Bəzən tarixi proseslər nəticəsində ərazi dəyişiklikləri baş verir, amma dil qorunursa, millətin yaşaması şübhə doğurmur. Bu mənada tarixdə çoxsaylı nümunələr var. Bir sözlə, bu üç amil içərisində ən vacibi dildir. Əgər din və ərazi olmasa, millət sanki qanadları qırılmış quşa bənzəyir, amma dil yoxdursa, bu, başı kəsilmiş bədən kimidir.
Bəzən bir xalqın tarixinin öyrənilməsində dilimizdəki ayrı-ayrı sözlərin dəqiq izahı onun tarixini 300–500 il əvvələ qədər aparmağa imkan verir. Belə metodlara Avropa ölkələrində, o cümlədən Rusiyada da rast gəlmək mümkündür. Bu baxımdan bizim üçün də dil son dərəcə əhəmiyyətlidir.
Türk dillərinin birliyi və yaxınlaşması ideyası 19-cu əsrin ikinci yarısından etibarən mübarizə predmeti olub. Bu mübarizədə mərhum Seyid Cəmaləddin Əfqaninin "Vəhdəti-cinsi" əsəri mühüm rol oynayıb. O, müsəlman dünyasının Avropa ölkələrindən geri qalmasının səbəblərini araşdırıb və əsas səbəbin müsəlmanların dil və din uğrunda birgə mübarizə apara bilməməsi olduğunu qeyd edib.
Bu ideya yalnız Osmanlı və Qacar dövlətlərində deyil, həm də Rusiya imperiyası altında yaşayan türklər arasında geniş yayılıb. Azərbaycanda bu sahədə ilk mübarizə aparanlardan biri Həsən bəy Zərdabi olub. O, milli azadlıq hərəkatının ideoloji prinsiplərini formalaşdırıb və bu prinsiplərin mərkəzində dil birliyi dayanıb .Həsən bəyin əsas təklifləri ortaq türkcədə məktəblərin açılması, doğma dildə mətbuatın nəşri və din birliyinin qorunması olub.
Bu ideyalar Rus çarizmini narahat edib, erməni mətbuatı, xüsusilə “Mşak” qəzeti Həsən bəyə qarşı kəskin yazılar dərc edib. Daha sonra bu ideyanı İsmayıl bəy Qaspıralı "Tərcüman" qəzetində "İştə, fikirdə, işdə birlik!" şüarı ilə geniş şəkildə təbliğ edib. Onun ideyaları 1905-ci ildə Rusiyada keçirilən müsəlman qurultaylarında da əksini tapıb, nəticədə "İttifaqi-Müslimin" adlı siyasi təşkilat yaranıb.
1907-ci ildə bu təşkilatın üçüncü qurultayında ortaq türkcənin yaradılması ilə bağlı qərar qəbul olunub və bu qərarın qəbulunda mühüm rol oynayanlardan biri də Əlimərdan bəy Topçubaşi olub. O, çıxışında qeyd edib ki, bir zamanlar atalarımız geniş coğrafiyalarda sərbəst hərəkət edirdilər, lakin indi hüquqsuz vəziyyətdədirlər və ortaq dilin yaradılması tarixi əhəmiyyət daşıyır.
Təəssüf ki, bu ideyanın reallaşması mümkün olmadı. Lakin 1917-ci ildə çarizmin süqutundan sonra bu məsələlər yenidən gündəmə gəldi və Bakı ilə Moskva şəhərlərində keçirilən qurultaylarda müzakirə edilib. Ortaya çıxan əsas sual isə ortaq türkcənin hansı dialekt əsasında yaradılması idi. Bu fikir ayrılığına baxmayaraq, məqsəd bu dillər arasında ümumi ünsiyyət imkanlarını artırmaq idi.
1920-ci ildə sovetlər Azərbaycanı işğal etdikdən sonra bu məsələ unuduldu. Lakin müstəqillik əldə edildikdən sonra bu əməkdaşlıq Türk dövlətləri çərçivəsində yenidən aktuallaşıb. Xüsusilə Qarabağ zəfərindən sonra Türk dövlətləri arasında münasibətlər daha da yaxınlaşıb və Türk Dövlətləri Təşkilatı yeni mərhələyə qədəm qoyub.
Bu çərçivədə 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə Bakıda qeyd olunması qərara alındı. Bu tədbir ortaq Türk dilinin yaradılması istiqamətində mühüm addımlardan biri olacaq. Cənab Prezident dəfələrlə çıxışlarında Azərbaycanın gələcəyinin Türk dövlətləri ilə birgə olduğunu vurğulanıb. Bu istiqamətdə atılan addımlar isə tamamilə doğrudur.
Nəticə etibarilə, biz bu gün tarixi bir prosesin şahidiyik və bu yolda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
Aydan Əsgərxanlı
