Türkiyə Azərbaycan və daha iki ölkə ilə Avropaya enerji ixracı barədə razılığa gəlib
Avropa uzun illər enerji baxımından əsasən Rusiyadan asılı olub
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında bidlirib ki, Türkiyə-Azərbaycan və digər tərəfdaş ölkələrin iştirakı ilə yeni enerji ixrac marşrutları Avropaya alternativ mənbələr açır:
"Cənub Qaz Dəhlizi və digər boru kəmərləri vasitəsilə qaz və elektrik enerjisi axını sabitləşir, enerji böhranı riskləri azalır. Bu razılaşma Avropanın enerji təhlükəsizliyini yalnız iqtisadi deyil, həm də siyasi baxımdan gücləndirir, Rusiyanın təsirini zəiflədir. Çoxsaylı mənbələrdən enerji axını bazarda rəqabəti artırır, qiymətlərin həddən artıq yüksəlməsinin qarşısını ala bilər. Azərbaycanın rolu əsas enerji istehsalçısı və ixracatçısı kimidır. Xəzər dənizindəki qaz ehtiyatlarını (Şahdəniz, Abşeron və s.) Avropaya çıxarmaqda strateji oyunçudur. Türkiyənin rolu isə enerji tranzit mərkəzi (hab) funksiyasını yerinə yetirməkdən ötrü barətdir ".
Həmçinin iqtisadçı vurğulayır ki, TANAP, TAP və digər boru kəmərləri Türkiyə ərazisindən keçərək Avropaya uzanır:
"Türkiyə həm istehlakçı, həm də tranzitçi kimi bölgədə “qapı” rolunu oynayır. Qaz və neft ixracından əlavə gəlirlər büdcə gəlirlərini və valyuta ehtiyatlarını artıracaq. Yeni bazarlara çıxış Azərbaycanın ixrac portfelini daha sabit edəcək, təkcə Rusiya və ya regiondaxili bazarlardan asılılıq azalacaq. Enerji layihələri infrastruktur, logistika və texnologiya sahələrinə daha çox xarici sərmayələri cəlb edə biləcək. Enerji ixracatçısı kimi Azərbaycanın beynəlxalq nüfuzu və danışıqlarda əl gücü artır.
Artan gəlirlər sosial layihələrə, infrastruktur inkişafına və milli iqtisadiyyatın qeyri-neft sektorunun maliyyələşməsinə yönləndirilə bilər ".
Gülcan Salahova
