Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi azalıb
Ötən il Türkiyə ərazisi ilə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan neftin həcmi azalıb. 2025-ci ildə BTC kəməri ilə 206,434 milyon barel neft nəql edilib. Bu göstərici 2024-cü illə müqayisədə 17,708 milyon barel və ya 7,9 % azdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, BTC ilə neft nəqlinin azalması həm başa düşüləndir, eyni zamanda proqnozlaşdırılıb:
"2011-ci ildən etibarən Azərbaycanın neft hasilatında davamlı azalma baş veribdir və bu proses bundan sonrakı dövrdə də davam edəcəkdir. Eyni zamanda BTC ilə digər Xəzəryanı ölkələrin, o cümlədən Qazaxıstanın neftinin daşınması istiqamətində də davamlı olaraq müəyyən eniş-yoxuşlar müşahidə olunur. Yəni burada davamlı və sabit həcmdə neftin daşınması ilə əlavə də hər hansı bir mövqe yoxdur, hər hansı bir əməkdaşlıq formatı hələ formalaşmayıb. Düzdür, illərlədir ki, Qazaxıstan neftinin daşınması üçün zaman-zaman BTC istifadə olunur. Amma indiki şərtlər daxilində bu istiqamətdə uzunmüddətli dövrdə proqnozlaşdırma aparmaq, planlı şəkildə bu infrastrukturun Qazaxıstan neftinin daşınması məqsədi ilə istifadə edilməsi üçün bir müqavilə yoxdur. Uzunmüddətli dövrdə bəzi hallarda, yəni İran iqtisadiyyatına sanksiyaların aradan qaldırılması fonunda neft ixracına sanksiyaların aradan qaldırılması şəraitində BTC infrastrukturu İran neftinin Avropa bazarlarına daşınması istiqamətində istifadə edilə bilər. İndiki şərtlər daxilində isə görünən odur ki, BTC-nin neft nəqli strategiyası bundan sonrakı dövrdə də mərhələli şəkildə azalacaqdır. Aydındır ki, bu boru kəməri əsasən Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün nəzərdə tutulub. Öz tarixi funksiyasını yerinə yetirib. Artıq amortizasiya olunub. Düzdür, müəyyən qədər saxlanma xərcləri yaranır, amma istənilən halda daha yaxşı olar ki, digər ölkələrin potensialı cəlb edilməklə, o cümlədən Qazaxıstanın nefti və yaxud da İran neftinin bu və ya digər şəkildə cəlb edilməsi formasında bu infrastruktur potensialı səmərəli şəkildə istifadə olunsun. Amma bütün bunlara baxmayaraq, hazırda bu infrastrukturun ötürmə gücündən tam istifadə olunmaması böyük iqtisadi zərərlər yaratmır. Düzdür, burada Gürcüstan, xüsusilə də, bu istiqamətdə Gürcüstan və Türkiyə iqtisadiyyatı müəyyən mənfəət əldə edib. İqtisadiyyatın ölçüləri baxımından məsələyə yanaşsaq, Gürcüstan daha çox fayda əldə edən ölkə idi. İndiki şərtlər daxilində bu istiqamətdə gəlirlər azalır, amma gəlirlər tədrici azaldığı üçün düşünmürəm ki, bu kəmər üzrə nəqldə yaranan azalmalar bu ölkələrin iqtisadiyyatına ciddi şəkildə zərər vursun. Hər bir infrastrukturun özünün istifadə müddəti vardır. Və görünən odur ki, növbəti dövrlərdə hələlik mövcud geosiyasi konnektor daxilində BTC-nin ötürmə gücündən tam istifadə mümkün olmayacaqdır. Bununla belə, yaratdığı böyük iqtisadi zərərlərdən söhbət getmir. İnfrastrukturdur, vəsait yatırılıb, özünü doğruldub, başqa imkanlar çərçivəsində istifadə edilməsi bu və ya digər şəkildə mənfəət formalaşdıra bilər, amma bu o demək deyil ki, indiki şərtlər daxilində bu imkanların istifadə edilməməsi böyük ziyan yaradır".
Aişə Mustafayeva
