00:00:00
Yazar
Admin User
03.02.2026 16:59 51 2 dəq oxuma
İqtisadiyyat

“Türkiyə və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə daha güclü söz sahibi olmaq imkanını əldə edə bilərlər”

“Türkiyə və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə daha güclü söz sahibi olmaq imkanını əldə edə bilərlər”

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son illərdə müşahidə olunan yaxınlaşma Yaxın Şərqin siyasi və iqtisadi mənzərəsində yeni balans formalaşdırır. Tərəflər ticarət, investisiya, enerji və logistika sahələrində əməkdaşlığı dərinləşdirərək regional sabitliyə və qarşılıqlı iqtisadi faydaya əsaslanan tərəfdaşlıq modelini gücləndirməyə çalışırlar.

 

Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin möhkəm tarixi əsasları mövcuddur:

 

“Səudiyyə Ərəbistanı müasir dövlət kimi formalaşmamışdan əvvəl bu ərazilər Osmanlı İmperiyasının tərkibində olub və bu tarixi bağlar bu gün də münasibətlərə təsir göstərir. Hazırkı mərhələdə iki ölkə bir sıra beynəlxalq platformalarda, o cümlədən Ümumdünya Ticarət Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir. Son 5–10 ildə münasibətlərin istiləşməsi ticarət dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərib. Əməkdaşlığın daha da dərinləşməsi həm Türkiyənin, həm də Səudiyyə Ərəbistanının regional güc mövqelərini gücləndirə bilər. Hər iki ölkə iqtisadi potensialı, maliyyə dayanıqlığı və müdafiə sənayesi imkanları baxımından Yaxın Şərqin aparıcı aktorları sırasındadır. Bu potensialların birləşdirilməsi regionda təsirli güc mərkəzinin formalaşmasına şərait yarada bilər”.

 

Ekspert vurğulayıb ki, qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər fonunda logistika və enerji təhlükəsizliyi əsas prioritetlərə çevrilib:

 

“Bu baxımdan Səudiyyə Ərəbistanının enerji resursları, Türkiyənin isə strateji coğrafi mövqeyi, NATO üzvlüyü, logistika imkanları və türk dünyası ilə əlaqələri tərəflər üçün ciddi üstünlük yaradır. Bu əməkdaşlıq ticarət dövriyyəsinin şaxələndirilməsinə, yeni investisiya layihələrinin reallaşmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə yol aça bilər. Nəticə etibarilə, Türkiyə və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə iqtisadi və siyasi baxımdan daha güclü söz sahibi olmaq imkanını əldə edə bilərlər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər