“Türkiyədə isə SOCAR əsas operator olmasa da,…”
2025-ci ilin oktyabrında Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Enerji Ticaret Anonim Şirketi” ölkədə istehlakçılara 83.80 milyon kub metr qaz satıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasınfa bildirib ki, SOCAR-ın Türkiyədə qazpaylayıcı şirkət kimi fəaliyyətə başlaması şirkət üçün əlavə gəlirlər yarada və dövlət büdcəsinə müsbət təsir göstərə bilər:
“Azərbaycan Türkiyəyə artıq uzun müddətdir ki, qaz satır. Burada söhbət Türkiyədə birbaşa istehlakçılara satılan qazdan əldə olunan gəlirlərdən gedir. Yəni SOCAR-ın Türkiyədəki şirkəti artıq təkcə topdansatışla deyil, birbaşa əhaliyə və biznes subyektlərinə qaz satışı ilə də məşğul olmağa başlayır. Oxşar vəziyyəti Gürcüstanda da müşahidə edirik. Azərbaycan dövləti olaraq Gürcüstana qaz satılır, lakin ölkə daxilində əsas operator SOCAR Georgiadır. SOCAR Georgia Gürcüstanda həm əhaliyə, həm də biznesə qazın paylanmasını həyata keçirir. Türkiyədə isə SOCAR əsas operator olmasa da, artıq bu fəaliyyət növündə də iştirak edir. Yəni əsas məsələ Azərbaycan qazının Türkiyədə ölkədaxili paylanması və istehlakçılara çatdırılmasıdır. Bu baxımdan qaz ticarəti ilə bağlı ciddi bir dəyişiklik olduğunu düşünmürəm. Lakin SOCAR-ın Türkiyədə qazpaylayıcı şirkət kimi fəaliyyətə başlaması, şirkət üçün əlavə dividendlər və gəlirlər yarada bilər. SOCAR dövlət şirkəti olduğu üçün bu gəlirlərin dövlət büdcəsinə də müsbət təsiri mümkündür”.
Fidan Alışova
