Türkiyədə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü qeyd olunub
İzmirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən İnformator.az-a verilən məlumata görə, Xocalı soyqırımı ilə bağlı sənədli filmin nümayişi ilə başlayan tədbirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin rəhbəri Asif Qurban, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri Professor Metin Ekici Xocalı Soyqırımı ilə bağlı çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyindən danışıblar.
Tədbirdən sonra İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarovanın Xocalı, Qarabağ mövzusuna həsr olunan əsərlərindən ibarət sərgisi təşkil olunub.
Eyni gündə Eskişehirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dövlət və ictimai xadimlər, QHT və KİV təmsilçiləri, müəllim və tələbələrin iştirakı ilə Xocalı soyqırımı mövzusunda tədbir keçirilib.
