Türkiyənin Rusiyadan neft idxalını azaltması
Noyabr 2025-də Türkiyənin Rusiya “Urals” markalı xam neftindən idxalı təxminən gündə 100 min barel azalaraq 200 min b/s səviyyəsinə enib.
Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli “İnformator.az”a bildirib ki, Türkiyənin neft idxalı üzrə alternativləri kifayət qədər genişdir:
“Türkiyə üçün İraq və ərəb ölkələri əsas alternativ tədarükçülərdir. Rusiyadan neft alan ölkələr onu daha ucuz qiymətə əldə edə bilirlər. Avropa sanksiyalar nəticəsində Rusiya neftinə limit tətbiq edib və bu, müəyyən mənada Türkiyə iqtisadiyyatına müsbət təsir göstərib. Çünki Türkiyə bəzi hallarda nefti İraq bazar qiymətindən daha aşağı qiymətə ala bilir. Rusiyadan alış həm qiymət baxımından, həm də tədarükün davamlılığı baxımından Türkiyə üçün sərfəlidir”.
Ekspert hesab edir ki, prosesin həm müsbət, həm də müəyyən mənfi tərəfləri ola bilər:
“Əgər Qazaxıstan və İraq kimi mənbələrdə hər hansı problem yaranarsa, Türkiyə məcburən Rusiya neftinə daha çox yönələ bilər. Çünki Rusiya qazından neftə keçid Türkiyə üçün enerji məhsullarının təminatında strateji əhəmiyyət daşıyır. Rusiyadan daha ucuz neft almaq imkanı var, amma əgər təsirlər artsa, Ankara alternativ yolları daha ciddi araşdırmalı olacaq. Ən yaxın və əlçatan mənbələr isə Qazaxıstan və İraqdır. Türkiyənin uzunmüddətli hədəfi özünü enerji mənbəyinə çevirməkdir. Rusiya bu prosesdə ən mühüm rəqiblərdən biri olaraq qalır. Amma Rusiyanın regiondakı mövqeyinin zəifləməsi danışıqların fonuna da təsir edir. Artıq qiyməti elə Rusiya müəyyən etmir, tərəflər qarşılıqlı razılaşma əsasında bir hədd təyin edirlər. Bu isə Türkiyənin enerji siyasətində daha çox manevr imkanına sahib olduğunu göstərir”.
Fatimə Hüseynli
