Türkmənistanda beştərəfli görüş keçirilib
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
Bu barədə İnformator.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Tədbirdə \"Azərbaycan Dəmir Yolları\" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Görüşdə \"Şərq-Qərb\" multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində \"Azərbaycan Dəmir Yolları\" QSC-nin sədri C.Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, \"Gürcüstan Dəmir Yolu\" SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.
Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.
