Ət və ət məhsullarında təhlükə
Tehranda qanunsuz şəkildə satışa çıxarılan böyük həcmdə ət məhsulu aşkarlanıb. Keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 8 ton eşşək və qatır ətinin müxtəlif ünvanlarda satışa hazır vəziyyətdə saxlanıldığı müəyyən edilib. Müsadirə olunan məhsullar laboratoriya müayinəsinə cəlb olunub və yoxlamaların nəticələri ətin mənşəyinin rəsmi şəkildə təsdiqləndiyini göstərib.
Araşdırmalar zamanı daha bir ciddi qanun pozuntusu da üzə çıxıb. Belə ki, üzərində “dondurulmuş Braziliya mal əti” etiketi olan 5 min qutu saxta məhsulun dövriyyəyə buraxılmağa hazırlandığı məlum olub. İlkin məlumatlara görə, həmin məhsulların tərkibi etiketdə göstərilən məlumatlarla uyğunluq təşkil etməyib.
Mövzu ilə bağlı baytar Cansu Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, belə hallar insan sağlamlığı üçün real risk daşıyır:
“Tehranda qanunsuz şəkildə satışa çıxarılan 8 ton eşşək və qatır ətinin aşkarlanması ciddi suallar yaradır. Burada əsas məsələ hansı ətin olması yox, bu məhsulların tam nəzarətsiz, sanitar və baytarlıq yoxlamalarından kənar şəkildə dövriyyəyə buraxılmasıdır. Belə ətlər bakterial yoluxmalar, parazitlər və dərman qalıqları baxımından insan sağlamlığı üçün real risk daşıyır.Hətta zəhərlənmələrə də yol aça bilər. Ən vacib məqam isə odur ki, adi vətəndaş bu cür ətləri gözlə dəqiq ayırd edə bilməz. Rəng, qoxu və ya quruluş heç vaxt etibarlı göstərici deyil, mənşə yalnız laborator müayinələrlə müəyyən olunur. Şübhəli ət məhsulu ilə rastlaşdıqda onu istifadə etməmək və müvafiq qurumlara məlumat vermək lazımdır. İlkin olaraq eşşək və at əti bəzən kəskin qoxu, daha tünd rəng və lifli görünüşdə olur. Ancaq bu belə dəqiq analiz deyil. Əsas təsdiq laboratoriyada aparılan analiz nəticəsində bəlli olur”.
Aydan Əsgərxanlı
