00:00:00
Yazar
Admin User
05.12.2025 20:31 167 2 dəq oxuma
Sosial

"Tarix və informatika buraxılış imtahanlara salına bilər"

"Tarix və informatika buraxılış imtahanlara salına bilər"

Tarix və informatika kimi strateji əhəmiyyət daşıyan fənlərin gələcəkdə buraxılış imtahanına daxil edilməsi məsələsi gündəmə gəlib. Bu fənlərin imtahana salınmasının zəruriliyi və belə bir addımın şagirdlərin dərs yükünə necə təsir göstərəcəyi müzakirə olunur.

 

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, həm tarix, həm də informatika artıq sadəcə fənn deyil, strateji düşüncə və həyat kompetensiyasının əsas elementlərindən biridir.

 

Onun sözlərinə görə, cəmiyyətdə buraxılış imtahanlarında üç fənnin olması və bunun üzərinə yeni fənlərin əlavə edilə biləcəyi ilə bağlı narahatlıq başadüşüləndir. Lakin burada əsas məsələ fənlərin sayının çoxluğu deyil, imtahan modelinin necə qurulacağıdır:

 

“Yeni fənlərin əlavə edilməsi avtomatik olaraq şagirdin əlavə yüklənməsi demək deyil. Düzgün mexanizm qurularsa, bu proses həm şagirdlərin, həm də ümumi təhsil sisteminin xeyrinə ola bilər. Dünya təcrübəsində imtahan fənləri artırıldıqda paralel olaraq imtahan strukturu optimallaşdırılır, bəzi sual tipləri sadələşdirilir, yük balanslaşdırılır və imtahan müddəti şagirdin psixoloji imkanlarına uyğun tənzimlənir. Məqsəd fənlərin sayını artırmaq yox, ölçüləcək bacarıqları daha dəqiq müəyyənləşdirməkdir",-deyə o bildirib. 

 

Ekspert həmçinin bu iki fənnin gələcək təhsil və karyera imkanları üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

“İnformatika müasir dövrdə hər kəs üçün vacib bilik sahəsidir. Kompüter savadı, rəqəmsal təhlükəsizlik, informasiyanı analiz etmək bacarığı - bütün bunlar şagirdin gələcək inkişafı üçün baza rolunu oynayır. Bu, əlavə yük deyil, həyatın reallıqlarına uyğunlaşdırılmış minimum standartdır",-deyə o qeyd edib.

 

Onun sözlərinə görə, tarix fənninin də imtahana salınması mühüm boşluğu doldura bilər:

 

“Bu gün gənclər sosial mediada manipulyasiya və dezinformasiya ilə tez-tez qarşılaşır. Tarixi faktları bilməyən gənclər informasiya savaşlarında daha həssas olur və hadisələrə sağlam mövqe formalaşdırmaqda çətinlik çəkirlər. Tarix fənninin imtahana daxil edilməsi milli şüurun möhkəmlənməsinə real töhfə verə bilər",-deyə o əlavə edib. 

 

"Narahatlığın əsas səbəbinə gəldikdə isə, burada fənlərin çoxluğu deyil, tətbiq mexanizminin necə qurulacağıdır. Tarix və informatika buraxılış imtahanına əlavə ediləcəksə, bu, paralel şəkildə imtahan formatının yenilənməsi, sual tiplərinin balanslaşdırılması və qiymətləndirmə modelinin funksionallaşdırılması ilə müşayiət olunmalıdır.Belə olduğu halda bu addım şagirdlər üçün əlavə stress yaratmayacaq, əksinə, bilik səviyyəsinin yüksəlməsinə, dərsliklərin müasir məzmunla zənginləşməsinə və tədris keyfiyyətinin artmasına səbəb olacaq",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər