00:00:00
Yazar
Ayan Sədi
04.04.2026 00:30 15 2 dəq oxuma
Mədəniyyət

Tarix və müasirliyin vəhdəti – Köhnə məhəllələrin yenilənməsi və tarixi irsin qorunması

Tarix və müasirliyin vəhdəti – Köhnə məhəllələrin yenilənməsi və tarixi irsin qorunması

Müasir şəhərsalma prosesində tarixi binaların qorunması və köhnə yaşayış massivlərinin yenilənməsi ən aktual müzakirə mövzularından birinə çevrilib. Xüsusilə Bakının simasını formalaşdıran tarixi məhəllələrin aqibəti həm memarlıq irsinin qorunması, həm də sakinlərin təhlükəsizliyi baxımından ciddi suallar doğurur.

 

Memar Cahid Həsənov bu barədə "Informator.az"a açıqlamasında bildirib ki, binaların bərpasının texniki və iqtisadi cəhətdən mümkünlüyü fərdi qaydada, dövlət qanunvericiliyi çərçivəsində müəyyən edilir. Onun sözlərinə görə, bu proses yalnız əlaqədar qurumların apardığı ciddi monitorinq və ekspertiza şəraitində həyata keçirilir:

 

"İstismar müddəti bitmiş və bərpa olunması texniki cəhətdən qeyri-mümkün olan binaların gələcək taleyi qanunla tənzimlənir. Lakin memarlıq və şəhərsalmanın ayrılmaz hissəsi məhz tarixi binaların qorunub saxlanılmasıdır. Bu kontekstdə, tarixi binaların yerləşdiyi məhəllələrin tamamilə söküldüyünü demək olmaz".

 

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə daxma tipli, standartlara cavab verməyən və təhlükə yaradan tikililərin parklar və yaşıllıq zolaqları ilə əvəz olunması normal praktikadır. Lakin bu həmin ərazidəki tarixi abidələrin məhv edilməsi mənasına gəlmir:

 

"Bir ərazidə 500-1000 daxma tipli ev sökülürsə və yerində park salınırsa, bu parkın daxilində qalan tarixi binalar qorunmalıdır. Bizim qanunvericilikdə də belə bir qadağa yoxdur ki, parkın daxilində tarixi bina qala bilməz. Əksinə, o binaların parkın dizaynı ilə harmoniya təşkil etməsi və bərpası daha məqsədəuyğundur".

 

Cahid Həsənov həmçinin vurğulayıb ki, köhnə yaşayış massivlərinin yenilənməsi Bakının kollektiv yaddaşını silmək yox, şəhər ekosistemini sağlamlaşdırmaq məqsədi daşıyır. O, xüsusilə "Sovetski" və "Kubinka" kimi ərazilərdəki sıxlığın, rütubətin və yanğın təhlükəsizliyi problemlərinin aradan qaldırılmasının vacibliyinə toxunub:

 

"Bu cür sıx məkanların dekorativ parklarla və müasir yaşayış binaları ilə əvəz olunması şəhər brendinin inkişafı üçün əsas amillərdəndir. Sakinlərin daxmalardan müasir şəraitə inteqrasiyası mütləqdir. Parkın bir küncündə qalan 2–3 mərtəbəli tarixi binalar isə həm yerli sakinlər, həm də turistlər üçün fərqli bir abu-hava yaradır, şəhərin cəlbediciliyini artırır".

 

Şəhərsalma prosesində bu balansın qorunması, tarixi yaddaşın müasir rahatlıqla vəhdəti paytaxtın gələcək vizyonu üçün mühüm addım kimi qiymətləndirilir.

 

Lalə Əhməd

#köhnə #baki #məhəllələrin #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər