Tarixi binaların bərpası – Estetik görünüş, yoxsa funksional uyğunluq?
Paytaxtın simasını formalaşdıran tarixi binalar təkcə memarlıq nümunəsi deyil, həm də şəhərin çoxəsrlik yaddaşını özündə daşıyan canlı tarixdir. Bu gün Bakının qədim məhəllələrində aparılan yenidənqurma və bərpa işləri şəhərin estetik görünüşünü yeniləməklə yanaşı, həm də mühüm suallar doğurur: tarixi orijinallıq necə qorunur? Bərpa olunan binalar müasir həyatın tələblərinə cavab verirmi?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında memar Cahid Həsənov bildirir ki, bərpa prosesində əsas uğur yerli materiallardan düzgün istifadə edilməsindədir:
“Bakıda XIX əsrin sonu və XX əsrin əvvəllərində inşa olunmuş tarixi binalarda yerli materiallardan istifadə olunub. Bizim ən böyük üstünlüyümüz odur ki, bu təbii ehtiyatlar bu gün də var. Abidələri bərpa edərkən həmin materialların davamı tətbiq edilir, buna görə də bərpa olunmuş hissə binada bir ‘yamaq’ kimi görünmür. Əlbəttə, yeni materialın 100 illik daşla tam uyğunlaşması üçün müəyyən zaman və iqlim şəraiti lazımdır, lakin yerli materialın olması xaricdən nəsə gətirilməsi ehtiyacını aradan qaldırır".
Memarın sözlərinə görə, daxili infrastrukturla müasir həyat tərzi arasında bəzən uyğunsuzluqlar yarana bilir:
“Bəzən binaların daxilində arakəsmələrin yeri dəyişdirilir və ya əlavə artırmalar edilir. Bu, çöldən görünməsə də, daxili infrastrukturda müəyyən fərqlər yaradır. Lakin ümumilikdə bərpa işləri Bakının qədim məhəllə ruhunun və sosial münasibətlərinin qorunmasına xidmət edir. Tarixi abidənin bərpası klassikanın saxlanılması deməkdir ki, bu da özlüyündə böyük sosial addımdır".
Cahid Həsənov vurğulayır ki, tarixi binaların yenilənməsi turizm sektorundan gələn gəlirin və iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir:
“Turisti ölkəyə gətirən iki əsas amil var: tarixi abidə komplekslərinin bərpası və yeni, gözəl layihələrin inşası. Bundan başqa üçüncü bir amil yoxdur. Bir abidə bərpa olunduqca, onun ətrafındakı yolların düzəlməsindən tutmuş, yaşıllıqların salınmasına və yeni iş yerlərinin açılmasına qədər hər şey zəncirvari şəkildə inkişaf edir. Bu, bütövlükdə infrastrukturun geniş miqyasda formalaşması deməkdir".
Lalə Əhməd