00:00:00
Yazar
Elmira Ağayeva
07.08.2026 23:03 43 2 dəq oxuma
Araşdırma

Taylandda məktəb atışması: 14 yaşlı şagird 7 nəfəri öldürdü

Taylandda məktəb atışması: 14 yaşlı şagird 7 nəfəri öldürdü

 

Taylandın paytaxtı Banqkokun yaxınlığındakı Nonthaburi şəhərində baş verən silahlı hücum ölkədə ciddi rezonansa səbəb olub.

14 yaşlı məktəbli əvvəlcə yaşadığı evdə nənə və babasını güllələyərək qətlə yetirib, daha sonra isə təhsil aldığı Debsirin məktəbinə gedərək atəş açıb. Hadisə nəticəsində ümumilikdə 7 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

Taylandın Baş naziri Anutin Çarnvirakulun sözlərinə görə, hücum zamanı 5 müəllim həyatını itirib. Yeniyetmə daha sonra özü də silahla intihar edib. Baş nazir bildirib ki, hücum əvvəlcədən planlaşdırılıb və silahlı şəxsin özünü öldürərkən üzərində hələ də 30-dan çox gülləsi qalmışdı.

Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Milli Polis İdarəsinin rəhbəri Kittirat Phanphetin sözlərinə görə, ekspertiza zamanı atəşlərin dəqiq hədəflərə tuşlandığı və güllələrin bir neçəsinin həyati vacib nahiyələrə dəydiyi müəyyən edilib.

Faciədən xilas olan VII sinif şagirdi BBC-yə danışarkən müəllimi ilə söhbət etdiyi anda silahlı şəxsin sinfə daxil olduğunu bildirib.

“Müəllimim mənimlə danışırdı. Birdən silahlı şəxs gəlib ona atəş açdı. Toz-dumandan başqa heç nə görə bilmədim.”

Şagird daha sonra digər uşaqlarla birlikdə məktəbin hasarını aşaraq qaçdıqlarını deyib. Onun anası isə qızının hadisə zamanı “Bir daha səni görə bilməyəcəyimi düşündüm” dediyini söyləyib.

Digər şagird isə əvvəlcə eşitdiyi səsləri fişəng partlayışı zənn etdiyini bildirib. Onun sözlərinə görə, əvvəl ardıcıl atəş səsləri eşidilib, qısa fasilədən sonra isə yenidən atəş açılıb.

Hücum zamanı məktəbdə olan şagirdlər və əməkdaşlar təxliyə edilib. Məktəb rəhbərliyi sosial şəbəkə hesabında qanvermə aksiyası üçün çağırış edib, ətrafdakı digər məktəblərdə isə dərslər vaxtından əvvəl dayandırılıb.

Polis hadisənin motivini hələ açıqlamayıb. İstintaq çərçivəsində silahlı şəxsin yaşadığı evdə axtarış aparılıb, kompüter avadanlıqları və digər sübutlar götürülüb. Məlumata görə, yeniyetmə valideynləri boşandığı üçün nənə və babası ilə yaşayırmış. Hadisədən sonra hər iki valideyn polis tərəfindən dindirilib.

Qeyd edək ki, bu, cari ildə Tayland məktəblərində baş verən ikinci silahlı hücumdur. Son hadisə ölkədə silah dövriyyəsinə nəzarətin daha da sərtləşdirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Elmira Ağayeva

#Tayland #atışma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər