00:00:00
Yazar
Admin User
30.12.2025 18:22 113 2 dəq oxuma
Mədəniyyət

Teatrlar Yeni ili necə qarşılayır?

Teatrlar Yeni ili necə qarşılayır?

Yeni il bayramı ərəfəsində paytaxt teatrları balaca tamaşaçılar üçün zəngin və rəngarəng repertuarla çıxış edir. Nağıl motivləri, sevilən qəhrəmanlar, bayram əhval-ruhiyyəsi və Şaxta baba-Qar qız bu il də teatr səhnələrində uşaqları gözləyir.

 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf bildirib ki, teatr Yeni il mövsümünə yeni premyera ilə daxil olub:

  

“Bu il Gənc Tamaşaçılar Teatrında biz ‘Büllur başmaq’ tamaşasının premyerasını qeyd etdik. Tamaşa həm məktəblilər, həm də azyaşlı tamaşaçılar üçün nəzərdə tutulub və 27-30 dekabrda teatrımızda nümayiş olunub".

 

 

Onun sözlərinə görə, qış tətili dövründə tamaşaçı tələbatı nəzərə alınaraq uşaqlar üçün xüsusi proqram hazırlanıb:

 

 

“1-4 yanvarda qış tətilini və tələbatın çoxluğunu nəzərə alaraq müxtəlif uşaq tamaşalarından ibarət proqram təqdim edəcəyik. Repertuarda "Tıq-tıq xanım" , "Qırmızı papaq" , "Düyməcik" , "Cırtdanino" kimi uşaqların zövqünə uyğun, nağıllar əsasında hazırlanan tamaşalar yer alıb. Tamaşalardan əlavə, Şaxta Baba və Qar qız personajları da bayram proqramımıza daxildir".

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə Yeni il bayramı münasibətilə uşaqları dünya ədəbiyyatının sevilən əsərlərindən biri ilə sevindirir. Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, balaca tamaşaçılar fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri ilə yenidən görüşəcək:

 

 

"Tamaşanın premyerası 2019-cu il fevralın 28-də baş tutub və sonuncu dəfə həmin ilin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə nümayiş olunub. Uzun fasilədən sonra səhnə əsəri yenidən bərpa edilib.
Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı isə Ruslan Ağababayevdir. Yenilənən heyəti ilə təqdim edilən səhnə əsərinə Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qız personajları da daxil edilib.
Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır. Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub və dostluq, sevgi, səmimiyyət, insan ruhunun saflığı kimi dəyərləri simvolik formada tərənnüm edir".

 

 

Həmçinin teatrın mətbuatından bildirilib ki, “Balaca şahzadə” Akademik Musiqili Teatrın səhnəsində 29 dekabr - 4 yanvarda hər gün 4 seans olmaqla nümayiş olunacaq.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər