00:00:00
Yazar
Admin User
06.02.2026 18:17 104 2 dəq oxuma
Maraqlı

Telekanallar arasında keyfiyyətli seriallar uğrunda yeni rəqabət mərhələsi

Telekanallar arasında keyfiyyətli seriallar uğrunda yeni rəqabət mərhələsi

Son dövrlər yerli telekanallar efir məkanında daha keyfiyyətli və peşəkar seriallar təqdim etməyə başlayıb. Mövzu seçimi, ssenari dili və çəkiliş keyfiyyəti üzərində qurulan bu rəqabət həm tamaşaçı zövqünün dəyişdiyini, həm də televiziya sektorunda yeni mərhələnin başladığını göstərir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rejissor Zaur Qasımlı bildirib ki, telekanallar arasında rəqabətin olması tamaşaçının dəyişməsidir:

 

"Məncə, əsas səbəb tamaşaçının dəyişməsidir. İnsan artıq sadəcə “axşam vaxtını dolduran” seriala baxmaq istəmir. O, hekayə axtarır, inandırıcı olanı axtarır, özünü ekranda görmək istəyir. Sosial şəbəkələr, platformalar, xarici seriallar tamaşaçının zövqünü ciddi şəkildə dəyişib. Telekanallar da bunu hiss edib və anlayıblar ki, köhnə üsulla davam etsələr, tamaşaçını itirəcəklər. Rəqabət məhz buradan başlayır kim tamaşaçını daha çox anlayacaq və ona daha maraqlı hekayə danışacaq.

 

Mənim üçün əsas hər zaman ssenaridir. Çünki güclü ssenari yoxdursa, ən bahalı texnika da serialı xilas edə bilməz. Amma eyni zamanda, bu gün texniki icra artıq lüks yox, zərurətdir. Tamaşaçı keyfiyyətsiz görüntünü, səsi, montajı bağışlamır. Yəni ssenari serialın ürəyidirsə, texniki icra onun bədənidir.

 

Əvvəllər rejissor “mən belə görürəm” deyə bilirdisə, indi “tamaşaçı bunu necə qəbul edəcək?” sualı həmişə masanın üstündədir. Amma bu o demək deyil ki, rejissor sırf tamaşaçının istəyi ilə işləməlidir. Əksinə, rejissor daha məsuliyyətli olub, hekayəni daha maraqlı etməli və onu daha dəqiq lentə almalıdır. Tamaşaçı artıq yalanı, süni dramı, şablon emosiyanı tez hiss edir. Bu da rejissoru daha diqqətli, daha səmimi işləməyə məcbur edir.

 

Əgər bu rəqabət sağlam şəkildə davam etsə, çox müsbət təsir göstərəcək. Yeni ssenaristlər yetişəcək, aktyor oyunu inkişaf edəcək, texniki komanda peşəkarlaşacaq. Ən əsası isə seriala münasibət dəyişəcək. Serial artıq “ikinci dərəcəli məhsul” kimi yox, ciddi yaradıcılıq işi kimi qəbul olunacaq. Bu da uzunmüddətli perspektivdə həm televiziya sektorunu, həm də ümumilikdə ölkənin vizual mədəniyyətini irəli aparacaq".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər