Televiziya cəmiyyətin güzgüsüdür - AZTV-nin dünəni, bu günü və gələcəyi
14 fevral ölkəmizdə Televiziya Günü kimi qeyd olunur. Bu tarix təkcə ekran qarşısında keçirdiyimiz illəri deyil, həm də cəmiyyətin düşüncə tərzinin, informasiya mədəniyyətinin və milli dəyərlərin formalaşmasında televiziya jurnalistikasının rolunu xatırladır. Azərbaycan Televiziyası - AZTV onilliklər ərzində ölkənin ictimai-siyasi, mədəni və tarixi yaddaşını formalaşdıran əsas media platformalarından biri olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bildirib ki, Azərbaycan televiziyası mövcud olduğu 70 il ərzində milli mədəniyyətin, ana dilinin saflığının qorunmasında, musiqi mədəniyyətimizin və teatr sənətimizin inkişafında ciddi rol oynayıb:
“Amma bütövlükdə götürdükdə, televiziya özü də audiovizual sənətlər sahəsinə böyük töhfələr verib. Bu, ilk növbədə sənədli və bədii televiziya filmlərinin ayrıca bir janr kimi yaranıb formalaşmasından irəli gəlir. Yəni kino sənəti ilə yanaşı, televiziya da artıq özünəməxsus yaradıcılıq estetikası və vizual imkanları ilə yeni ekran əsərləri yaradıb. Bu sıraya birinci növbədə bədii televiziya filmləri və sənədli televiziya filmləri daxildir.
Təsadüfi deyil ki, uzun illər Azərtelefilm Yaradıcılıq Birliyi - sonralar müxtəlif adlarla fəaliyyət göstərən Ekran Yaradıcılıq Birliyi - məhz bədii televiziya filmlərinin istehsalı ilə məşğul olan xüsusi qurum kimi mövcud olub. Burada həm sənədli, həm də bədii televiziya filmləri çəkilib.
Televiziyanın ilk dövrlərində yaranan filmlər arasında, məsələn, “Aygün” bədii televiziya filmi xüsusi yer tutur. Bu film görkəmli şair Səməd Vurğunun yaradıcılığı əsasında çəkilib və böyük uğur qazanıb. Daha sonra bədii televiziya filmləri sırasında populyarlıq qazanan “Dvorjakın melodiyası” kimi ekran əsərləri də meydana çıxıb.
Digər bir istiqamət isə televiziya teatrıdır. Bu sahə televiziya sənətinin özünəməxsus estetik kateqoriyaları və dramaturji modeli olan xüsusi bir qolu kimi formalaşıb. Televiziya teatrı, əslində, teatr sənətinin yeni ekran interpretasiyasıdır və bu istiqamətdə televiziyanın uğurları olduqca böyükdür.
Sovet dövründən başlayaraq yaranan televiziya tamaşaları və ekran əsərləri Azərbaycanda ekran yaradıcılığı sahəsində ciddi bir istiqamət təşkil edib. Bu proses bu gün də davam edir və bir-birindən maraqlı əsərlər ərsəyə gəlir. Bütün bunlar Azərbaycan televiziyasının ekran sənətimizə verdiyi mühüm və dəyərli töhfələrdir”.
Banuçiçək Məmmədova
