00:00:00
Yazar
Admin User
04.12.2025 18:10 122 2 dəq oxuma
İqtisadiyyat

“Texniki tərəfdən fiber şəbəkəsinin modernləşdirilməsi müsbət addımdır”

“Texniki tərəfdən fiber şəbəkəsinin modernləşdirilməsi müsbət addımdır”

SOCAR Fiber Türkiyədə internetin sürətini və etibarlılığını artırmaq məqsədilə fiber-optik infrastrukturun modernləşdirilməsinə 10 milyon dollar sərmayə ayırıb. Layihə rəqəmsal xidmətlərin əlçatanlığını artırmağı və bazarda rəqabəti gücləndirməyi hədəfləyir.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, SOCAR Fiber Türkiyədə fəaliyyət göstərən və fiber-optik infrastruktur sahəsində investisiya həyata keçirən bir şirkətdir:

 

“Onun əsas sahibi SOCAR-dır və bu o deməkdir ki, layihənin arxasında birbaşa dövlətə məxsus böyük neft-qaz şirkəti dayanır. SOCAR enerji şirkətidir, texnologiya və fiber-optik infrastrukturu isə onun birbaşa ixtisaslaşdığı sahələrdən deyil. Şirkətin bu cür qeyri-enerji sahələrində genişlənməsi əvvəlcədən düzgün struktur üzərində qurulmadığı üçün sonrakı mərhələdə də şəffaflıq və idarəetmə problemləri yaradır. Normalda dövlət şirkətləri əldə etdikləri gəlirləri ölkəyə qaytarmalı, NIF kimi fondlara ötürməli və bu vəsait peşəkar investisiya qurumları tərəfindən idarə olunmalıdır. Amma SOCAR-ın törəmə şirkətlərinin yaranma prosesi düzgün formalaşmadığına görə, indiki böyük investisiyalardan gələcək gəlir gözləntiləri də real görünmür. Çünki idarəetmə niyyəti başdan səhv qurulanda, ən müasir layihələr belə səmərə vermir. Texniki tərəfdən fiber şəbəkəsinin modernləşdirilməsi müsbət addımdır. Keyfiyyət müəyyən qədər yaxşılaşa bilər. Amma əsas problem texniki avadanlıqda yox, korporativ idarəetmədədir. Qərarların qəbulunda şəffaflıq yoxdur, layihələrdə israfçılıq və dağınıqlıq müşahidə olunur. SOCAR onsuz da layihə əsaslı bir qurumdur: neft əməliyyatları, kimya zavodları, terminallar, qazma işləri, hamısı iri layihələrdir. Lakin bu layihələrdə də standartlara uyğun idarəetmə olmadığı üçün çoxlu itki baş verir".

 

Həmçinin şərhçi qeyd edib ki, Türkiyə bazarında isə SOCAR Fiber güclü rəqabətə daxil olur:

 

“Özəl provayderlər çevikdir, xərclərə ciddi nəzarət edirlər. Dövlət şirkətlərində isə motivasiya fərqlidir. Mənfəət artırmaqdan çox xərclər genişlənməyə meyllidir. Buna görə uzunmüddətli nəticələr risklidir. Xidmətin keyfiyyəti arta da bilər, sabit də qala bilər çünki bu, şirkətin əsas prioriteti deyil. Qiymətlərə gəlincə, Türkiyə bazarı rəqabətlidir, buna görə SOCAR Fiber məcburən qiymətləri aşağı saxlamalı olacaq. Bu, onların bazarda yer tuta bilməsi üçün yeganə yoldur. Amma fiber sahəsi uzun amortizasiya tələb edən, investisiya geri dönüşü çətin olan bir sahədir. Xətlərdən tam istifadə olunmasa, qoyulan vəsaitin geri qayıtması daha da çətinləşir. Bir başqa önəmli məsələ şəffaflıqdır. SOCAR Fiber-in gəlirlilik göstəriciləri ictimaiyyətə açıqlanmır. Dövlət şirkəti olsa da, hesabatlı deyil. Əslində, vətəndaş bilməlidir ki, dövlətin pulları hansı məqsədlə və hansı nəticə üçün yatırılır. İqtisadiyyat Nazirliyi də burada məsuliyyət daşıyır. Dövlət şirkətlərinin investisiya qaydaları aydınlaşdırılmalıdır ki, riskli və iqtisadi əsaslandırılmamış layihələr təkrarlanmasın”.

 

Müzəfərli Ayşə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər