00:00:00
Yazar
Admin User
04.12.2025 18:14 89 4 dəq oxuma
Sosial

Texnoloji ixtisaslara maraq artıb

Texnoloji ixtisaslara maraq artıb

Son 10 ildə ali təhsil müəssisələrində texnoloji ixtisaslara maraq kəskin artıb və bu sahələr üzrə qəbul planı dəfələrlə yüksəldilib. Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib. Onun sözlərinə görə, yüksək bal toplayan abituriyentlər əsasən rəqəmsal və texnoloji ixtisaslara üstünlük verirlər. Bu, əmək bazarının tələbləri ilə bağlıdır. Azərbaycanda STEAM təhsili, rəqəmsal bacarıqlar və innovativ layihələr genişlənir, regionlarda da rəqəmsal transformasiya sürətlənir.

 

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, texnologiya sahəsində bilik və bacarıqları inkişaf etdirmək məqsədilə kurslar və onlayn təhsil platformaları genişlənir:

 

“Təbii ki, Azərbaycanın gələcəkdə texnologiya sahəsində ixrac edən ölkəyə çevrilməsi mümkündür, amma bunun reallaşması bir neçə əsas şərtdən asılıdır. STEAM-in genişlənməsi, texnoloji ixtisaslara marağın artması, rəqəmsal transformasiya və startap ekosisteminin formalaşması tendensiyaları müsbət zəmin yaradır.

 

Güclü insan resursu texnologiya ixracının əsas şərtidir. Ona görə də insan kapitalının güclənməsi faktorunu ön plana çəkmək lazımdır. Son illər tələbələr arasında rəqəmsal və texnoloji ixtisaslara maraq artır. Bu da ölkəmizin yaxın illərdə IT mühəndisləri, proqramçılar və rəqəmsal mütəxəssislər bazasını genişləndirə bilər.

 

Bunlarla yanaşı, startap ekosisteminin inkişafı da diqqətdə saxlanılmalıdır. Azərbaycanda artıq müxtəlif sahələr üzrə bir neçə uğurlu startap formalaşmağa başlayıb. Startapların beynəlxalq bazarlara çıxışı artdıqca IT xidmətlərinin və proqram təminatının ixracı mümkündür.

 

İxrac potensialı ən çox olan bəzi sahələri qeyd etmək olar, proqram təminatı və mobil tətbiq inkişafı, kibertəhlükəsizlik xidmətləri, rəqəmsal təhsil platformaları, data analitikası xidmətləri, regiona texnoloji konsaltinq və s.

 

Ancaq bu işlərin ərsəyə gəlməsi zamanı müəyyən çətinliklər də mövcuddur. Bunlara böyük miqyaslı texnoloji şirkətlərin azlığı, sərmayələrin yetərincə olmaması, beynəlxalq rəqabətin çox yüksək olması aiddir.

 

Müxtəlif dövlət və özəl qurumların təşəbbüsləri ilə texnoloji sahələrdə oxuyan tələbələr üçün təcrübə və iş imkanları genişləndirilir. Bunun üçün xüsusi təqaüdlər yaradılır, kurslar və təlimlər təşkil edilir. Bu proqramlar gəncləri texnologiya sahəsində peşəkar kimi yetişməyə təşviq edir. Həmçinin texnologiya sahəsində bilik və bacarıqları inkişaf etdirmək məqsədilə kurslar və onlayn təhsil platformaları genişlənir. Bəzi qurumlar tələbələrə texniki və karyera yönümlü təlimlər təklif edir".

 

Müsahibimizin sözlərinə görə, müvafiq ixtisaslarda təhsil alan tələbələr artıq dövlət və özəl müəssisələrdə — müvafiq nazirliklər, böyük şirkətlər və texnologiya firmalarında istehsalat təcrübəsi keçirlər:

 

"Regionlardakı universitetlərdə, dövlət və özəl sektor müəssisələrində staj imkanları artırılır.

Bəzi özəl şirkətlər öz təşəbbüsləri ilə internship və işə qəbul həyata keçirirlər. Bu yaxınlarda özəl şirkətlərdən biri data və süni intellekt sahəsində təhsil alan tələbələrə praktik təlim keçdi və kursu uğurla bitirənlərdən bəziləri daha böyük şirkətlərdə təcrübə və daimi iş imkanına layiq görüldü.

 

Bundan başqa, karyera sərgiləri və iş yarmarkaları təşkil edilir və bu tədbirlər tələbələr, universitetlər və texnologiya şirkətlərini bir araya gətirir. Bu tip sərgilərə minlərlə gənc müraciət edir ki, bu da həm şəbəkələşmə, həm də işəgötürənlərlə birbaşa tanışlıq fürsətidir.

 

Son illər texnoloji ixtisaslara marağın kəskin artmasının bir neçə əsas və çox real səbəbi var. Bunlar həm qlobal tendensiyalarla, həm də Azərbaycandakı sosial-iqtisadi dəyişikliklərlə bağlıdır. Təbii ki, əmək bazarında yüksək tələbat və yüksək maaşların olması ən vacib faktorlardan biridir. IT mütəxəssislərinə, proqramçılara, data analitiklərinə, kibertəhlükəsizlik və süni intellekt üzrə kadrlara ehtiyac artır və texnoloji sahələr ən yüksək gəlir gətirən peşələr sırasındadır. Buna görə də gənclər gələcəyə daha təhlükəsiz karyera perspektivi üçün bu sahələri seçir.

 

Rəqəmsal transformasiyanın sürətlənməsi də öz növbəsində bu amilə təsir edən mühüm nüansdır. Çünki dövlət idarəçiliyində, biznesdə və sənayedə rəqəmsallaşma genişlənir. E-hökumət, rəqəmsal xidmətlər, onlayn bankçılıq, elektron ticarət və smart texnologiyalar yeni iş sahələri yaradır. Bu dəyişikliklər texnoloji bacarıqları olan kadrlara ehtiyacı daha da artırır.

 

İş imkanlarının beynəlxalq olması da öz təsirini göstərir. IT mütəxəssisləri dünyanın istənilən ölkəsinə çıxış əldə edə bilir və çox vaxt uzaqdan işləyə bilir. Bu da texnologiya sahəsini daha cəlbedici edir — həm rahat, həm də sərhədsiz iş bazarına malikdir.

 

Ümumi olaraq, texnoloji ixtisaslara marağın kəskin artmasının səbəbləri kimi daha yüksək maaş, geniş iş imkanları, dövlət dəstəyi, rəqəmsal transformasiya və qlobal trendlərin güclənməsi faktorlarını qeyd edə bilərik".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər