Təhsil naziri Emin Əmrullayev
Nazir vurğulayıb ki, dövlət dilinin düzgün və səlis şəkildə mənimsənilməsi həm təhsilin keyfiyyəti, həm də gənclərin gələcək peşə fəaliyyətində uğur qazanması üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, məktəblərdə dil bacarıqlarının inkişafı, şagirdlərin yazı və nitq qabiliyyətlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, məktəblərdə şagirdlərin Azərbaycan dilini daha mükəmməl öyrənməsi üçün düşünürəm ki, həm tədris proqramlarının yenilənməsi, həm də dərs kitablarının müasirləşdirilməsi faydalı olar:
"Eyni zamanda məktəbdənkənar oxu vərdişləri, uşaq ədəbiyyatının genişləndirilməsi də vacibdir. Burada dilin sadə, başa düşülən və eyni zamanda ədəbi formada təqdim olunması şagirdlərin dil bacarıqlarının formalaşmasında əhəmiyyətlidir. Ən çox şagirdlərin baxdığı televiziya verilişləri, oxuduqları kitablar, sosial media məzmunları, küçədə rast gəldikləri reklam lövhələri və müxtəlif ictimai yerlərdəki yazılar onların bilinçaltında dil duyumunu formalaşdırır. Buna görə də tədris ədəbi dillə uşaqlar arasında düzgün ünsiyyətin qurulmasına kömək etməlidir. Bu prosesə hətta məktəbəqədər təhsildən başlamaq vacibdir. Şagirdlərin Azərbaycan dilinin incəliklərini daha yaxşı mənimsəməsi üçün məktəblərdə əlavə vəsaitlərdən istifadə edilməli, müxtəlif müsabiqələr inşa yarışmaları, poeziya və nəsr günləri, əsərlərin müzakirələri təşkil olunmalıdır. Eyni zamanda şagirdlərlə ədəbi dilin ustaları, yazıçılar, natiqlər və görkəmli sənətkarların görüşləri təşkil edilə bilər. Bu cür tədbirlər uşaqlarda dilə qarşı sevgini və marağı artırır.Azərbaycan dili, təbii ki, təhsil proqramında mühim yer tutur. 9-cu və 11-ci sinif buraxılış imtahanlarında Azərbaycan dili əsas fənlərdən biridir. Hətta xarici dildə tədris olunan məktəblərdə belə Azərbaycan dilinin öyrədilməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd etdiyim bütün məsələlərdə həm Təhsil Nazirliyi, həm də nəşriyyatlar üzərinə ciddi vəzifə düşür. Uşaq ədəbiyyatının keyfiyyəti, onun dili, oradakı dil üslubu gələcək nəsillərin dil səviyyəsinə birbaşa təsir göstərir. Buna görə də uşaq ədəbiyyatının inkişafı və orada ədəbi dilin düzgün istifadəsi daim diqqət mərkəzində olmalıdır".
Mövzu ilə bağlı açıqlamasında Azərbaycan dili müəllimi Heydər Soltanov bildirib ki, Azərbaycan dili proqramında olan esse və ya inşaların sayını artırmaq lazımdır:
"Bunlar yaradıcı təfəklürlə bağlıdır ki, bu da nitqə təsir edir. Söz ehtiyatının zəifliyi təkcə azərbaycan diliinin tədrisi ilə bağlı deyil. Ədəbiyyatın tədrisi ilə də bağlıdır. Ədəbiyyata ikinci dərəcəli fənn olaraq yanaşılması - buraxılış fənni olmadığı üçün ,ümumiyyətlə bədi əsərlərin az oxunması bir səbəbdir . Fikrimcə 11-ci sinfi bitirən şagird müəyyən sayda kitab oxuyub bitirməlidir bədii ədəbiyyata aid ( roman və ya povest) . Ən əsas problem isə cəmiyyətin payıdır. İndi qohum ,qonşu və dostlar arasında unsiyyət azdır. Hərənin paralel sosial da dünyası var .Sonda məktəblini bu ağır yükdən-imtahan yükündən xilas etmək lazımdlr ki, testə köklənməsin yalnız cavab tapmağı düşünməsin. Əgər testdən əl çəkmək olmursa, imtahanda şifahi təqdimatla nağlı bir tapşırıq olsa məcbur inkişaf edəcək bu sahə".
Aişə Mustafayeva
