00:00:00
Yazar
Admin User
19.11.2025 15:08 181 4 dəq oxuma
Sosial

Təhsil sistemində dönüş nöqtəsi

Təhsil sistemində dönüş nöqtəsi

 

Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması ilə bağlı təklif son günlər təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bu məsələ həm gələcək müəllim kadrlarının hazırlanması, həm də ümumi təhsil sisteminin keyfiyyəti baxımından ciddi önəm daşıyır.

 

Mövzu ilə bağlı olaraq Bakı Dövlət Universitetinin müəllimi Sezər Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, keyfiyyətin artırılması üçün ilk növbədə müəllim hazırlığına yanaşma dəyişilməlidir:

 

“Hesab edirəm ki, pedaqoji fakültələrin sayının azaldılması ilə bağlı təklif ona görə verilib ki, universitetlərdən hər il minlərlə müəllim məzun olur. Bu say az da ola bilər, çox da, amma nəticə olaraq müəllimlər məzun olur, vakansiya isə azdır. Bildiyiniz kimi, müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir. Yüksək bal toplayanlar işə qəbul olunur, az bal toplayanlar isə ya işsiz qalır, ya da istədikləri yerə düşə bilmirlər. Bu da müəyyən narahatlıqlar yaradır. Hesab edirlər ki, məzun sayının azaldılması bu problemlərin qarşısını almağa yönəlib. Çünki əmək bazarına baxanda görünür ki, təkliflə tələbat uyğun gəlmir. Məsələn, əgər 100 vakant yer varsa, bu sahə üzrə 5000 müəllim məzun olur. Bu da ciddi disbalans yaradır.Hesab edirəm ki, bu təklifi irəli sürən qurumlar təhsilin keyfiyyətinə də cavab verə biləcəksə, yəni bu sahədə məsuliyyət daşıyacaqlarsa, o zaman problem yoxdur. Tutaq ki, 5.000 və ya 10.000 müəllim məzun olur, amma keyfiyyət yetərli səviyyədə deyil. Bu da əmək bazarında öz əksini tapmır. Yəni əvvəlki nümunədə dediyim kimi, vakant yerlər az, amma məzun sayı çoxdur. Əgər bir şəxs bu ixtisas üzrə oxuyub, imtahan verib, amma iş tapa bilmirsə, istər-istəməz alternativ variantlara yönəlir. Bu da həm ölkənin iqtisadi vəziyyətinə, həm də ümumilikdə müəllim peşəsinin nüfuzuna mənfi təsir edir. Əgər keyfiyyət baxımından təminat veriləcəksə, məncə, fakültələrin sayının azaldılması ilə bağlı problem yoxdur. Sadəcə bir şərtlə ki, keyfiyyət təmin edilsin. Keyfiyyətin təmin olunması üçün ilk növbədə müəllim hazırlığına yanaşma dəyişməlidir. Əgər biz gələcəyin müəllimini yetişdirmək istəyiriksə, bu prosesə sadəcə köhnə mühazirələrlə, 50-60-cı illərin tədris materialları ilə yanaşmaq mümkün deyil".

 

Həmçinin müəllim qeyd edib ki, müasir proqramlara ehtiyac var:


“Yeni dünya nizamına uyğun, müasir təhsil sisteminə inteqrasiya olunmuş proqramlara ehtiyac var.
Müəllimlər yalnız dövlət məktəblərində deyil, özəl müəssisələrdə və digər təhsil qurumlarında da çalışa bilirlər. Ona görə də onların hazırlığı geniş və çevik olmalı, innovativ düşüncə tərzini əhatə etməlidir. Xarici təcrübədən yararlanmaq, yeni metodologiyaları öyrənmək vacibdir. Bu o demək deyil ki, milli sistem kənara qoyulmalıdır, əksinə, öz sistemimizi təkmilləşdirmək üçün lazımi nümunələri xarici təcrübədən götürmək lazımdır.
Bundan başqa, psixoloji hazırlıq məsələsi də çox önəmlidir. Xüsusilə özəl məktəblərdə müəllim-şagird münasibətləri, psixoloji yanaşmalar diqqət mərkəzindədir. Bu model ali təhsil pilləsində də tətbiq olunmalıdır. Psixoloji hazırlıq yalnız bir semestrlik və səthi bir fənn kimi yox, dərin və praktiki əsaslı şəkildə tədris edilməlidir. Yalnız bu yanaşmalarla biz əmək bazarının tələblərinə cavab verən, peşəkar, yüksək ixtisaslı müəllimlər yetişdirə bilərik və nəticədə bu sahədəki disbalans da tədricən aradan qalxar. Qeyd etdiyim nüanslar təmin olunduğu halda, hesab edirəm ki, tələbələri ciddi bir risk gözləmir. Əksinə, üstünlüklər daha çox ola bilər. Bir tələbə üçün ən böyük qazanc, təhsil aldığı müddətdə keyfiyyətli təhsil almaq, bacarıqlarını artırmaq və savadlı müəllimlərdən dərs almaqdır. Bu dörd il ərzində zamanını səmərəli istifadə etməlidir ,çünki vaxt qızıldan da dəyərlidir. Əgər bu şərait təmin olunarsa, tələbələr yüksək təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnə bilər, bu da onlar üçün ən böyük üstünlük olacaq".

 

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə əlaqədar saytımızla fikirlərini bölüşüb: 

 

“Pedaqoji fakültələrin sayının azaldılması məsələsi təbii ki, əsas müzakirə mövzularından biridir. Çünki tədricən ölkədə təbii artımla əlaqədar şagird sayı azalır. Şagird sayı azalırsa, bu deməkdir ki, artıq gələcəkdə biz pedaqoji ixtisaslar üzrə kadr axınını daha çox etməməliyik. Çünki əmək bazarında kifayət qədər pedaqoji kadr ehtiyatı formalaşır. Hazırda maksimum 9000 min yerə qarşı 50.000 - 60.000 namizəd müraciət edir. Və biz hər ildə demək olar ki, 5.000 - 6.000 kadr hazırlığı üzrə məzun bıraxırıq əmək bazarına. Ona görə də, əlbəttə ki, pedaqoji kadr hazırlığında plan yerləri azaldılmalıdır. Yəni ki, növbəti illərdə də bu proses baş verəcək.
Qaldı ki, fakültə sayının azalması müəllim keyfiyyətinə təsir etməsi məsələsinə ,əslində daha az və daha yüksək nəticələrə sahib olanlar təsir göstərəcək. Burada əsas nəzərdə tutulan akademik göstəricilərdir. Biz kadr hazırlığını keyfiyyətlə davam etdirəcəyik və kadr çatışmazlığı problemi olmayacaq. Alternativ model hazırda düşünürəm ki, ən optimal modeldir.Çünki biz təxminən 10 il əvvəllə müqayisədə 130 mindən çox, yəni təxminən 170 min nəfər qəbul edirdik ümumtəhsil məktəblərinə, bu il isə bu rəqəm 130 minə düşüb ,yəni 40 minlik azalma. Bu il doğulanlara baxsaq, cari ilin ilk 9 ayında 70 min nəfərə yaxın uşaq dünyaya gəlib və qalan 3 ayda da təxminən 20 min uşaq doğulsa, bu ümumilikdə 90 min uşaq deməkdir. İndi təsəvvür edin ki, 2031-ci ildə birinci sinfə gedən uşaqların sayı təxminən 90 - 100 min nəfər olacaq. Belə olan halda bu, bütün pedaqoji təhsilə təsir edəcək.Açığı deyim ki, indiki tələbələr üçün ciddi risk gözlənilmir. Amma gələcəkdə rəqabət daha da güclənəcək. Ən yüksək akademik göstəricilərə sahib olan şəxslər əmək fəaliyyətinə başlaya biləcəklər. Üstünlük də ondadır ki, kimin akademik nəticələri yaxşıdırsa, imtahanları yüksək qiymətləndirilirsə, onlar pedaqoji fəaliyyət göstərə biləcəklər”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər