Təhsildə beyin axını və nəticələri
Son illərdə Azərbaycanda gənclərin xaricdə təhsilə marağı əhəmiyyətli dərəcədə artıb. Daha keyfiyyətli təhsil, beynəlxalq mühit və geniş karyera imkanları bu tendensiyanın əsas səbəbləri kimi göstərilir. Lakin bu proses eyni zamanda “beyin axını” adlanan problemi də gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, gənclərin xaricdə təhsilə meyli həm müsbət, həm də mənfi nəticələr doğurur:
“Müsbət tərəfi odur ki, gənclər inkişaf etmiş ölkələrin təhsil sistemindən faydalanır, müasir bilik və bacarıqlara yiyələnir, qlobal düşüncə formalaşdırırlar. Qayıdan məzunlar ölkədə yeni yanaşmaların və innovativ layihələrin tətbiqinə töhfə verirlər. Mənfi tərəf isə xaricdə təhsil alan bəzi gənclərin geri dönməməsi, nəticədə ölkənin elmi, texnoloji və iqtisadi potensialının zəifləməsidir. Bəzi gənclər yüksək həyat standartları və karyera imkanlarına görə geri qayıtmır. Bu, insan kapitalının azalmasına, dövlət və ailə tərəfindən təhsil üçün çəkilən xərclərin faktiki olaraq başqa ölkələrin iqtisadiyyatına xidmət etməsinə gətirib çıxarır".
Rizvan Fikrətoğlu hesab edir ki, problemin həlli üçün geri dönüşü stimullaşdıran mexanizmlər tətbiq edilməlidir:
“Xaricdə təhsil almış gənclər üçün cəlbedici iş imkanları və karyera şəraiti yaradılmalı, yerli universitetlərdə beynəlxalq standartlara uyğun proqramlar və ikili diplom layihələri genişləndirilməlidir. Gənclərin elm, texnologiya və sahibkarlıq sahələrində təşəbbüslərini reallaşdıra biləcəyi mühit formalaşdırılmalıdır. Xaricdə təhsilin əsas motivasiyaları sırasında keyfiyyətli təhsil, şəffaf qiymətləndirmə, müasir infrastruktur, dil bilikləri və qlobal karyera imkanı dayanır. Lakin qayıdışın qarşısını alan əsas səbəblər iqtisadi və sosial amillərlə bağlıdır. Əmək bazarının məhdudluğu, aşağı maaşlar və ixtisasa uyğun iş tapmaq çətinliyi bir çox gəncin qərarına təsir edir. Sosial təminat və yaşayış keyfiyyəti də xarici ölkələrlə müqayisədə zəifdir. Xaricdə ədalətli və şəffaf sistemə öyrəşən gənclər bəzən ölkəyə qayıtdıqda adaptasiya çətinliyi yaşayırlar".
Ekspert əlavə edib ki, bəzi sahələrdə — xüsusilə elm, texnologiya və biotexnologiya istiqamətlərində ölkədə kifayət qədər elmi mühit və tədqiqat imkanları yoxdur:
"Buna görə də gənclər öz potensiallarını xaricdə reallaşdırmağa üstünlük verirlər. Gənclərin qayıtmaması təkcə fərdi seçim deyil, həm də insan kapitalının qorunması məsələsidir. Dövlət və cəmiyyət üçün əsas məqsəd — xaricdə təhsil almış gənclərin ideyalarını həyata keçirə biləcəkləri şərait yaratmaqdır. Bunun üçün onların diplomlarının tanınması, təcrübələrinin qiymətləndirilməsi və layihələrinə maliyyə dəstəyi göstərilməsi vacibdir".
Ayan Eyvazova
