00:00:00
Yazar
Asiman Vəliyeva
09.04.2026 21:31 20 2 dəq oxuma
Maraqlı

Tibbi səhv iddiaları: Pasiyentlər nəyi bilməlidir?

Tibbi səhv iddiaları: Pasiyentlər nəyi bilməlidir?

Əməliyyatdan sonra yaranan ağırlaşma, səhv diaqnoz və ya gecikmiş müalicə hallarında pasiyentlər tez-tez həkim səhvi ilə üzləşdiklərini düşünürlər. Lakin bu iddianı hüquqi müstəvidə sübut etmək mürəkkəb və uzun prosesdir.

 

Mövzu ilə bağlı vəkil Asim Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır:

 

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır). Zərərvuran zərərin onun təqsirinə görə baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Xəstəyə tibbi müdaxilədən əvvəl tibbi müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir. Səhv diaqnoz (tibb işçisinin səhvi) nəticəsində kompensasiya almaq üçün pasiyent ilk olaraq diaqnozun qoyulduğu tibb müəssisəsinin rəhbərliyinə yazılı müraciət etməli, nəticə olmazsa, Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və ya məhkəməyə müraciət edə bilər. Tibbi səhv hallarında məsuliyyət əsasən tibb müəssisəsinin üzərinə düşür, çünki həkim müəssisənin əməkdaşı kimi fəaliyyət göstərir. Müəssisə pasiyent qarşısında mülki-hüquqi (təzminat) məsuliyyət daşıyır, həkim isə intizam və ya cinayət məsuliyyətinə cəlb edilir. Əgər səhv həkimin birbaşa səhlənkarlığından baş veribsə, həkim də maddi məsuliyyətdə iştirak edə bilər. Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır.
Qanunvericiliyə görə “tibbi səhv” anlayışı “tibbi risk”dən mahiyyət etibarilə fərqlənir. Tibbi səhv həkimin və ya digər tibb işçisinin peşə fəaliyyətini həyata keçirərkən qüvvədə olan tibbi standartlara, klinik protokollara və peşə borcuna riayət etməməsi, diqqətsizlik, səhlənkarlıq və ya qeyri-peşəkar davranışı nəticəsində xəstəyə zərər vurması ilə xarakterizə olunur və bu halda zərər vurma qarşısı alına bilən olur. Tibbi risk isə əksinə, həkimin bütün peşə tələblərinə və tibbi standartlara riayət etməsinə baxmayaraq, tibbi müdaxilənin təbiətindən irəli gələn, əvvəlcədən tam aradan qaldırılması mümkün olmayan və tibbin mövcud inkişaf səviyyəsi çərçivəsində qaçılmaz sayılan ağırlaşma və ya mənfi nəticələrdir. Bu baxımdan əsas fərqləndirici meyar ondan ibarətdir ki, tibbi səhv subyektiv amillərlə bağlı olub hüquqi məsuliyyət doğurur, tibbi risk isə obyektiv xarakter daşıyır və həkimin davranışında hüquqaziddlik olmadığı halda, adətən hüquqi məsuliyyətə səbəb olmur".

 

Samirə Allahverdizadə

#xəbər #gündəm #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər