Tikinti, nəqliyyat və musiqi səs-küyünün stress və yuxu problemlərinə təsiri
Şəhər həyatı hər gün sürət, işıq və səs-küy ilə doludur. Tikinti səs-küyü, avtomobillərin klaksonu və bəzən küçədəki musiqi insanın gündəlik həyatına təsir edir. Uzun müddətli yüksək səs-küy yalnız narahatlıq yaratmır, həm də yuxu keyfiyyətini pozur, stressi artırır və sağlamlığa mənfi təsir göstərir. Psixoloqlar və tibbi ekspertlər deyir ki, bu faktorlar birləşəndə insanlar həm fiziki, həm də zehni yorğunluq hiss edir.
Mövzu ilə bağlı “İnformator.az” saytı ekoloq və psixoloqun fikirlərini öyrənib.
Ekoloq Rövşən Ağayevin sözlərinə görə, şəhər planlamasında tikinti və nəqliyyat səs-küyünü azaltmaq üçün düzgün zonalaşma vacibdir:
“Yaşayış sahələri magistral yol planlamasında səs-küyü azaltmaq üçün düzgün zonalaşma aparılmalı, yaşayış əraziləri magistral yollar və tikinti zonalarından uzaq yerləşdirilməlidir. Səs udan yol örtükləri, səs izolyasiyalı tikinti materialları və tikinti işlərinin vaxtla məhdudlaşdırılması vacibdir. Nəqliyyat səsini azaltmaq üçün ictimai nəqliyyat gücləndirilməli, səssiz elektrik avtobusları və tramvaylardan geniş istifadə olunmalıdır. Parklar və yaşıl sahələr səs dalğalarını udaraq təbii baryer rolunu oynayır və yaşayış mühitini daha sakit edir. Musiqi və ictimai tədbirlər üçün isə maksimum səs həddi və vaxt məhdudiyyətləri müəyyən edilməli, səsin düzgün istiqamətləndirilməsi təmin olunmalıdır. Paralel olaraq, fərdi avtomobil istifadəsinin azalması üçün fəaliyyət planları işlənilməlidir. Musiqi və əyləncə yerləri qapalı olmalı və səs izolyasiyalarına malik olan binalarda yerləşməlidir”.
Psixoloq Nabat Mirzəyeva bildirib ki, uzunmüddətli səs-küy qanda adrenalin və kortizol hormonlarının artmasına səbəb olur:
“Bu isə ürək döyüntülərinin sürətlənməsi, nəbzin artması, qan təzyiqinin yüksəlməsi, əsəbilik, səbrsizlik və insanın özünü daimi gərgin hiss etməsi ilə nəticələnir. İnsan uzun müddət səs-küylü mühitdə yaşadıqda bu vəziyyət stressə, yuxu pozuntularına qədər gedib çıxa bilər. Daim səs-küy içində olan insanlarda tez yorulma halları müşahidə olunur, emosional olaraq özlərini gərgin və tükənmiş hiss edirlər. Diqqətin dağılması, düşüncələrin toparlanmaması da bu vəziyyətin əsas əlamətlərindəndir. Bundan əlavə, səs-küylü mühitdə olan insanlar yuxuya getməkdə çətinlik çəkir, yuxuya getdikdən sonra isə tez-tez oyanmalar baş verir. Səs-küy beyində narahatlıq yaradır və bu narahatlıq gec yuxuya getmə, gecə oyanmaları, səhər isə baş ağrısı və halsızlıqla özünü göstərir. Nəticədə insan günə özünü gümrah deyil, yorğun və tükənmiş hiss edərək başlayır. Uşaqlarda və yaşlılarda səs-küyün psixoloji təsiri isə fərqli formalarda özünü göstərir. Uşaqlarda dərs mühitinə adaptasiya çətinləşir, diqqət və konsentrasiya problemləri yaranır. Xüsusilə inkişaf dövründə olan uşaqlarda səs-küylü mühit nitq və danışma ləngiməsinə, emosional mexanizmlərin zəifləməsinə səbəb ola bilər. Yaşlılarda isə səs-küy daha çox yuxu pozuntuları, diqqət dağınıqlığı, psixoloji gərginlik və daxili narahatlıq yaradır. Diqqəti toplamaqda çətinlik, tənhalıq hissinin artması və depressiv halların güclənməsi müşahidə oluna bilər. Ümumilikdə, səs-küylü mühitdə daimi yaşamaq insan psixologiyasına ciddi təsir göstərir. Bu təsir təkcə psixoloji deyil, eyni zamanda fiziki problemlərə də zəmin yaradır. Psixoloji yorğunluq və emosional tükənmişlik zamanla fiziki zəiflik, halsızlıq və bədən müqavimətinin azalması ilə nəticələnə bilər. İnsan rahat dincələ bilmədikdə bu, bütövlükdə orqanizmin fəaliyyətinə mənfi təsir göstərir”.
Cavahir Əsgərbəyli
