Tək qalmağı sevənlər
Son dövrlərdə “tək qalmağı sevirəm” deyən insanların sayı artıb. Bir çoxları bunu qaçış kimi qiymətləndirsə də, mütəxəssislər hər tək qalmaq istəyinin problem olmadığını deyir.
Lakin sosial təcrid ilə sağlam tək qalmaq anlayışı fərqlidir. Uzun müddət ünsiyyətdən qaçmaq, insanlardan uzaqlaşmaq psixoloji problemlərin göstəricisi də ola bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə "İnsanlar məni anlamır", "Yanımda təhlükəli insanın olmağındansa, tək olmağım yaxşıdır", "Məni anlamayan insanla yaşamaqdansa, tək qalmaq daha rahatdır" deyənlər çoxalıb:
"Təəssüf ki, biz cəmiyyət olaraq bir vəziyyəti anlamalıyıq ki, cəmiyyətdə bizim birgə yaşamağımız vacibdir. Çünki biz dünyaya tək gəlib, tək getsəkdə, cəmiyyətdə insanlarla bərabər yaşamalıyıq. Düzdür, bəzən bizdə tənhalıq hissi ola bilər, "bizi anlamırlar" deyə düşünə bilərik. Amma ümumi götürdükdə biz çalışmalıyıq ki, münasibətlərimizi o dərəcədə düzəldək ki, ünsiyyətimiz də problem yaranmasın. Əgər mən tək qalmağı daimi seçirəmsə, bu əlbəttə ki, risklidir. Çünki daim tək qalmaq hissi insana depressiya yaşada bilər, bəzən təkliyə meyilli olan insanlarda daha çox depressiv hallar müşahidə olunur,müəyyən psixi hallar müşahidə olunur,şəxsiyyət problemləri müşahidə olunur. Və sosial şəbəkələrin rolu bundan ibarətdir ki, daha çox bunu təbliğ edirlər. Və son vaxtlar pinqivinlə bağlı olan məsələdə də biz bunun şahidi olduq. Bunun təbliğatı nə qədər çox olacaqsa, insanların təkliyə, özünə qapanmağa meyilliliyi olacaq. Düzdür, biz psixoloqlar bəzən məsləhət görürük ki, çox sıxılanda, çox narahat olanda özümüzlə təkbətək qalmağı da öyrənməliyik. Müəyyən ibadətlər və yaxud da ki, meqidatsiyaların olması bir insanın özü ilə təkbətək olmasına şərait yaradır və bu da onu rahatlaşdırır. Amma daimi olaraq deyil, hər gün müəyyən saatlarda mümkün olar bunu etmək, bütün günü təklikdə olmaq, özünə qapanmaq, otağına qapanmaq, əlbəttə ki, depressiya əlamətləridir".
Mövzu ilə bağlı vətəndaşlarımızın da fikrini öyrənmək istədik. Mövzu ilə bağlı gənc vətəndaşımız Səma Mustafayeva bildirib ki, bəzən tək qalmağı sevirəm, çünki bu, mənə özümə vaxt ayırmaq, fikirlərimi toplamaq imkanı verir:
"Amma tamamilə insanlardan uzaq qalmaq da istəmirəm. Düşünürəm ki, balans vacibdir: nə daim izdihamda olmaq yaxşıdır, nə də tam təkliyə qapanmaq. İnsan sosial varlıqdır, ünsiyyət insana enerji verir".
Yaşlı vətəndaşımız olan Sədaqət Quliyeva isə bildirib ki, bizim dövrümüzdə tək qalmaq o qədər də adi hal deyildi:
Hamı bir-biri ilə daha çox ünsiyyətdə idi, qonşuluq, ailə münasibətləri daha sıx idi. İndi isə hər kəs telefonundadır, sanki ünsiyyət var, amma əslində insanlar daha çox tək qalıb. Əvvəllər tək qalmaq bir az qəribə qarşılanırdı, indi isə adi bir hal kimi qəbul olunur".
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin tələbəsi Nuray Əlibəyova isə bildirib ki, insanlar həyatlarına daxil olan insanlara inamlarını getdikcə itirirlər:
"Bununda səbəbi lazımsız hərəkətlər görməkləri,yalan sözlər eşitməkləridir.Həyatlarına onları xoşbəxt edəcək insan daxil olmayacağını düşündüklərinə görə də tək qalmağı seçirlər.Amma bəzən də elə olur ki ,insan özü tək qalmağı seçir .Çünki özünü elə xoşbəxt hiss edir".
Aişə Mustafayeva
