Tələbə Plus kartı:
Tələbə Plus kartı gənclərin gündəlik xərclərini azaltmaq üçün tətbiq olunur və bir çox tələbə üçün gündəlik alış-verişdə rahatlıq və qənaət imkanı yaradır.
Mövzu ilə əlaqədar “İnformator.az” təhsil eksperti və Tələbə Plus kartından istifadə edən tələbələrin fikrini öyrənib.
Təhsil eksperti Vüsət Əzizov bildirib ki, “TələbəPlus” kartı Azərbaycanda tələbələr üçün nəzərdə tutulan vahid tələbə kartı və ödəniş kartı layihəsidir:
“Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Visa beynəlxalq ödəniş şirkətinin birgə təşəbbüsüdür. TələbəPlus kartı ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında tələbələrə verilir. Məqsəd odur ki, bütün tələbələr bu kartdan faydalansın - bu səbəbdən kartlar universitetlərə mərhələli şəkildə paylanır. Bu kart bir neçə funksiyanı özündə birləşdirir. Tələbələr Universitetə giriş-çıxış üçün tələbə bileti kimi istifadə edir və həmçinin debet ödəniş kartı və təqaüd kartı kimi də istifadə oluna bilir. Bundan başqa endirim, cashback və xüsusi güzəştlər təqdim edən sosial kart olaraq da işlədilir.
Kart həm tələbə kartı, həm də debet kartı olduğundan günlük istifadə üçün də əlverişlidir. Lakin hazırda kartın ictimai nəqliyyatda güzəştli istifadəsi geniş tətbiq olunmur. Yəni bütün ictimai nəqliyyatda müasir ödəniş vasitələri tətbiq olunmadığı üçün geniş tətbiq edilmir, amma Bakı şəhərində artıq çox istifadə olunur. Kart eyni zamanda tələbənin maliyyə idarəçiliyini asanlaşdırır və xüsusi təkliflərdən istifadəyə şərait yaradır”.
Əlavə olaraq ekspert bildirib ki, Tələbə Plus kartlarının gündəlik xərcləri azaltmaq real təsirini olduğu deyə bilərik, lakin bu çox az məbləğdə olur:
“Qənaət ayda təxminən 20-70 manat ola bilər. O da əsasən kafe və restoran, geyim, kurs və təlimlər, əyləncə və s. Yəni kart xərcləri sıfırlamır, amma “xırda xərclərdə hiss olunan rahatlıq” yaradır. Ümumi olaraq deyə bilərik ki, Tələbə Plus kartının tətbiqi gənclərin gündəlik maliyyə yükünün azalmasına xidmət edir və tələbələrin gündəlik alış-verişində daha səmərəli və qənaətcil seçimlər etməsinə şərait yaradır”.
Tələbə Plus kartının müsbət və mənfi cəhətlərini də qeyd etmək lazımdır:
“Müsbət cəhət kimi bəzi məkanlarda tələbələr üçün xüsusi endirimlərin olmasıdır.Kafe, restoran, geyim, kitab mağazaları, kurslar və əyləncə məkanlarında endirimlər təqdim olunur. Eyni zamanda gündəlik xərclərdə kiçik, amma davamlı qənaət yaradır. Digər tərəfdən bir neçə funksiyanın bir kartda birləşməsi (Tələbə bileti,bank kartı,təqaüd kartı) əlavə kart daşımaq ehtiyacını aradan qaldırır.
Eyni zamanda təqaüd və ödənişlərin rahat idarəsi mümkündür. Təqaüd birbaşa karta köçürülür və kartla onlayn və fiziki ödənişlər etmək mümkündür. Rəqəmsal rahatlıq amilini də vurğulamaq lazımdır. Mobil bank tətbiqləri vasitəsilə balans nəzarəti həyata keçirilir və xərclərin izlənməsi maliyyə savadlılığını artırır. Əsas məsələ tələbələr üçün sosial dəstək xarakteri daşıyır və gənclərin maliyyə yükünü qismən azaltmağa yönəlib. Mənfi cəhətlərə gəldikdə isə endirimlərin əhatə dairəsi məhdud olmasını qeyd etmək olar. Çünki bütün mağaza və xidmətlərdə endirimlər keçərli deyil. Digər tərəfdən bəzi regionlarda partnyor sayı azdır. Təbii ki,qənaət məbləği böyük deyil. Ay ərzində qənaət adətən təxminən 20-70 manat arasında olur. Tələbə üçün çox vacib olan kirayə, kommunal və s yüksək xərcləri əhəmiyyətli dərəcədə azaltmır. Həmçinin bütün universitetlərdə eyni səviyyədə tətbiq olunmur. Kartın verilməsi universitetdən-universitetə dəyişir. Bəzi tələbələr hələ də karta çıxış əldə etməyib. İctimai nəqliyyatda geniş güzəştlər yoxdur. Metro və avtobuslarda tam inteqrasiya olunmayıb və bu da tələbələrin əsas xərclərindən biri olan nəqliyyatda qənaəti məhdudlaşdırır. Kartdan aktiv istifadə etməsən, faydası azalır. Endirimlərdən xəbərdar olmayan tələbələr üçün təsiri zəif olur. Hər bir halda kartın tələbələrə dəstəyi müsbət addım kimi qiymətləndirilməlidir”.
Aylıq xərclərində fərq hiss olunduğunu söyləyən tələbə Banuçiçək Məmmədova bildirib:
“Bəli, xüsusilə gündəlik alış-verişdə qənaət yaranır. Ən çox market, geyim və kafe-restoran endirimlərindən istifadə etmək istərdim. Kartda dəyişmək istədiyim əsas məqam isə keşbek limitlərinin artırılması və gündəlik xərcləri əhatə edən imkanların genişləndirilməsidir”.
Tələbə Plus kartından razı olan digər tələbə Gülay Səlifova bildirib ki, Tələbə Plus kartı xərclərimə bir qədər qənaət etməyə kömək edir:
“Xüsusilə də yemək, kitab və nəqliyyat xərclərində endirimlər az da olsa rahatlıq yaradır. Ən çox ictimai nəqliyyatda və kafelərdə olan endirimlər maraqlıdır. Həmçinin, tədris materialları və kurslar üçün də endirimlər olsa, çox faydalı olar. İstərdim ki, kart onlayn alış-verişlərdə də daha çox keçərli olsun. Bir də, endirim yerlərinin siyahısı və mövcud kampaniyalar haqqında bildirişlər gəlsə, istifadəsi daha səmərəli olar”.
Tələbəbələr Tələbə Plus kartının çatışmazlıqlarını da vurğulayıb. Onlar bildirirlər:
“Tələbə plus kartları bizə verilən boş vədlərdən ibarətdir. Tələbə üçün faiz biraz qalxsa, yəni ki, endirim daha çox olsun, məncə daha yaxşı. Məncə, bizim üçün heç əlverişli deyil. Yəni, nə geyim mağazaları olsun, nə də ki, metro olsun, ictimai nəqliyyatda bizə heç bir qədər də güzəşt olunmur”.
Səadət Əlizadə
