“Tələbə texnologiyanın inkişafından müsbət və mənfi də istifadə edə bilər”
Müasir texnologiyalar İngilis dili tədrisini daha interaktiv və əlçatan edib. AI və tətbiqlər, məsələn Duolingo və Grammarly, öyrənmə prosesini fərdiləşdirir və effektivləşdirir. Onlayn dərslər isə vaxt və məkan üstünlüyü təqdim etsə də, sosial qarşılıqlı əlaqəni məhdudlaşdıra bilər.
Mövzu ilə bağlı İngilis dili üzrə mentor Günay Hüseynzadə “İnformator.az”a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı ingilis dili tədrisində öz təsirini göstərir və müsbət dəyişikliklər yaradıb:
“Dərsin məzmunundan, qiymətləndirmə metodlarına qədər bütün prosesi yeniləyib. Texnologiyanın ən böyük üstünlüklərindən biri dərslərin daha interaktiv, dinamik və şagird yönümlü olmasıdır. Ənənəvi metodlardan fərqli olaraq, rəqəmsal vasitələr müəllimə dili həm vizual, həm eşitmə, həm də interaktiv şəkildə izah etmək imkanı verir. Texnologiya, həm də fərdi öyrənmə tempinə uyğunlaşma imkanı yaradıb. Şagirdlərin səviyyəsini ölçən və onlara uyğun tapşırıqlar təklif edən tətbiqlər dərs prosesində fərdiləşdirməni xeyli asanlaşdırır. Belə olan halda mən də hər bir şagirdin nəticələrini onlayn platformalar vasitəsilə izləyə, zəif və güclü tərəflərini daha aydın şəkildə görüb, dərs planını buna uyğun tənzimləyə bilirəm. Digər tərəfdən, texnologiya dərslərin qənaətcil və səmərəli olmasına, həm zamanın, həm də resursların daha yaxşı idarə olunmasına kömək edir. Bunlar hamısı texnologiyanın inkişafının gətirdiyi müsbət dəyişikliklərdir. Mənfi tərəflərindən danışmalı olsaq deyə bilərəm ki, diqqət dağınıqlığının da səbəbi smartfonlar, mobil tətbiqlər və s. müasir dövr texnologiyalarıdır. Hər bir halda onlardan istifadə qaydasına uyğun fərdə təsir edir. Bir tələbə texnologiyanın inkişafından müsbət və mənfi də istifadə edə bilər”.
Mentor qeyd edib ki, Duolingo və oxşar platformalar oyunlaşdırma metodunu tətbiq etdiyi üçün şagirdləri motivasiya edir:
“Gündəlik məşq, səviyyələr, xal toplama, ardıcıllıq zolaqları kimi mexanizmlər öyrənməni oyun kimi təqdim edir. Beləliklə, şagird monoton tapşırıqlardan yorulmur və dili daha davamlı şəkildə öyrənir. Bu tətbiqlər təkcə səhvləri düzəltmir, həm də izah edir. Süni intellekt, həm də danışıq bacarıqlarının inkişafında mühüm rol oynayır. Süni intelekt əsaslı danışıq robotları, dialoq simulyasiyaları və tələffüz yoxlama alətləri şagirdlərə ana dili danışanı ilə ünsiyyətə yaxın real praktik mühit yaradır. Bu xüsusilə danışıq mühiti olmayan ölkələrdə çox böyük üstünlükdür. Onlayn dərslər bu baxımdan yaxşıdır ki, rahatlıq yaradır, şagirdə istənilən məkandan qoşulmaq imkanı verir. Bu həm işləyənlər, həm tələbələr, həm də bizim kimi uzaq regionlarda yaşayanlar üçün böyük üstünlükdür. Digər tərəfdən rəqəmsal mühitdə resurs bolluğu da var. Onlayn platformalarda videolar, interaktiv tapşırıqlar, testlər, söz kartları, oyunlar kimi çox zəngin resurslar mövcuddur. Bu materiallar dərsi həm daha maraqlı, həm də daha müxtəlif edir. Oflayn dərslərdən bir üstünlüyü də ondadır ki, mən tələbələrə fərdi tapşırıqları asanlıqla göndərə, şagirdin işlərini dərhal izləyə və operativ geri bildirim verə bilirəm. Şagird də öz sürətində öyrənə bilir. Mənfi tərəflərindən də çox saymaq olar, lakin mənim təcrübəmdə ən çox narahat olduğum mövzu hər tələbənin internetə çıxışının asanlıqla olmamasıdır. Hər bir halda texnologiyanın gətirdiyi yeniliklər istifadə qaydasına uyğun olaraq müsbət və mənfi nəticələr verə bilər. Bura texnologiyanın ingilis dili tədrisinə olan təsiri də daxildir”.
Nuray Əliyeva
