00:00:00
Yazar
Admin User
02.12.2025 18:43 109 5 dəq oxuma
Sosial

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi yenidən gündəmdədir

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi yenidən gündəmdədir

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi yenidən gündəmdədir. Ödəniş sistemi üzrə araşdırmalar aparılır və “Tələbə+” kartının metro, avtobus və digər xidmətlərdə genişləndirilməsi təklif olunur. Bir çox ölkələrdə tələbə güzəştlərinin mövcudluğu bu məsələnin Azərbaycanda da aktuallaşmasına səbəb olur.

 

Deputat Ceyhun Məmmədov bildirib ki, bu istiqamətdə təhlillər gedir və gələcəkdə güzəştlərin verilməsi real görünür: semestrlik paketlər və uyğun mexanizmlərlə tələbələrə endirim mümkündür. O bildirib ki, proses vaxt və maliyyə vəsaiti tələb etsə də, tələbələr üçün az da olsa güzəştin tətbiqi mümkündür.

 

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, əsasən tələbələrin ehtiyaclarını düşünməliyik:

 

“Tələbələr üçün güzəşlər məsələsi bizim 2026-cı ilin astanasında danışdığımız mövzu olmamalı idi. Çünki mən öz tələbəlik illərimi yaxşı xatırlayıram. 2005-ci ildə Türkiyədə tələbə olarkən orada tələbələrə endirim tətbiq olunurdu. Baxın, artıq 20 il keçib. Biz hələ də tələbələrə endirim olmalıdır, yoxsa olmamalıdır, nə qədər olmalıdır kimi məsələləri müzakirə edirik. Tələbələrə endirim mütləq verilməlidir. Bu məsələ 5–10 il əvvəl həll edilməli idi.  Hər gecikdiyimiz gün yüzlərlə insan bu vəziyyətdən əziyyət çəkir. Ödənişli təhsil alan tələbələr bəzən ali təhsillə paralel işləmək məcburiyyətində qalırlar. Magistratura və doktorantura tələbələrinin bir çoxu da işləyir. Ona görə də düşünürəm ki, vaxt itirmədən hərəkət etməliyik, artıq keçmişdə qalan vaxtı kompensasiya etməliyik. Hazırkı tələbələri və gələcək tələbələri nəzərə alaraq ən qısa zamanda tələbələr üçün endirim paketi hazırlanmalıdır. Tələbə Plus kartı çox yaxşı təşəbbüs idi, onun vasitəsilə endirimlər olacaqdı, amma hələ də bu məsələ tam həllini tapmayıb. Ona görə tələbələrin, hətta çox az bir endirimi belə, mütləq var, çünki onlar hər gün, bir neçə dəfə nəqliyyatdan istifadə edirlər. Buna görə də Tələbə Plus kartı üzərindən və ya başqa formada tələbələr üçün nəqliyyat endirimi mütləq tətbiq olunmalıdır.

 

Ümumiyyətlə, sosial bərabərliyə töhfə verəcək, amma sosial bərabərliyi tam təmin etməyəcək. Digər insanlarla sosial bərabər olmaq mümkün deyil, çünki onlar hələ tələbədirlər, çoxu işləmirlər. Bir mənada valideyn qayğısına möhtacdırlar. Ona görə də biz sosial bərabərlikdən daha çox onların ehtiyaclarını düşünməliyik. Tələbə kartı və tələbələr üçün endirim onların zəruri ehtiyacıdır. Bu səbəbdən də hesab edirəm ki, bu məsələnin ən tez və təcili şəkildə həllini tapması çox önəmlidir".

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrət oğlu “İnformator.az”a öz fikirlərini bildirib:

 

“Tələbə Plus kartları əsasən tələbələrin xeyrinə olan məsələlərdə tətbiq olunmalıdır. Hər hansı brend mağazada, brend paltar, yemək mağazası, sonra isə restoranlarda tətbiqi yox dərəcəsindədir, bu alternativləri yaratmır. Tələbələr belə yerlərdən çox az istifadə edirlər.

 

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi yenidən gündəmə gəlməsi bir neçə səbəbdən asılıdır. Əvvəlcə, ölkədə təhsil alan tələbə sayı artır, təhsil xərcləri və yaşayış büdcəsi ağırlaşır. Bir çox ölkələrdə tələbələr metro, avtobus və digər ictimai nəqliyyat vasitələrindən yarı qiymətə və ya xüsusi paketlərlə istifadə edir. Azərbaycanın tələbələrinin də bu hüquqa yaxınlaşması sosial siyasətin mühüm tərkib hissəsi ola bilər.

 

Hazırda ödəniş sistemi üzrə təhlillər aparılır və Tələbə Plus kartının səlahiyyətlərinin genişləndirilməsi, metro, avtobus və digər xidmətlərdə istifadə imkanı nəzərdən keçirilir. Bu, tələbələr üçün vahid güzəşt mexanizmi yarada bilər.

 

Bunun önəmi nədir? Tələbələrin gündəlik xərcləri, yəni əsas mahiyyət nədən ibarətdir? Əgər güzəştlər olarsa, müəyyən endirimlər tətbiq edilərsə, tələbələrin gündəlik xərcləri azala bilər, nəqliyyatdan istifadənin intizamlı və rəqəmsal idarə olunmasına kömək olar, sosial siyasətdə gənclərə dəstək güclənər. Tələbə Plus kimi vahid sistem, mobil tətbiqlər, şəhər nəqliyyatı və digər xidmətlərlə inteqrasiyanı asanlaşdırar.

 

Tələbə Plus kartının nəqliyyatda istifadəsinin genişləndirilməsi tələbələrin sosial rifahı baxımından çox vacibdir. Birinci növbədə, gündəlik xərclər azalır. Tələbələrin böyük əksəriyyəti məhdud şəxsi gəlirlərlə və ya ailə büdcəsi ilə yaşayır, nəqliyyat xərcləri isə əsas gündəlik təkrarlanan xərclərdən biridir. Əgər güzəştlər və ya semestr paketləri tətbiq olunarsa, ailə nəqliyyat xərclərində ciddi azalma ola bilər. Xüsusilə regionlardan gələn və tez-tez yer dəyişmədən tələbələr üçün bu böyük maliyyə yüngüllüyü yaradacaq.

 

Nəqliyyat ucuzlaşdıqca, tələbələrin dərslərə, laboratoriyalara, kitabxanalara davamiyyəti artır, dərsdənkənar proqramlara, məsələn, kurslara, təcrübə yerlərinə, tədbirlərə qatılma imkanı yüksəlir. Bu isə ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

 

Üçüncü məsələ tələbələrin sosial fəallığını artırır. Güzəşli nəqliyyat gənclərin könüllü fəaliyyətinə, sosial layihələrə, şəhər, mədəniyyət və idman tədbirlərinə daha asan qatılmasına şərait yaradır. Gənclərin şəhərin müxtəlif yerlərini gəzməsinə, yeniliklər kəşf etməsinə dəstək olur. Beləliklə, tələbə yalnız laboratoriya ilə məhdudlaşmır, daha aktiv sosial mühitdə inkişaf edir.

 

Dördüncü məsələ sosial bərabərliyi gücləndirə bilər. Eyni universitetdə oxuyan, amma fərqli sosial-iqtisadi imkanlara malik tələbələr arasında bərabərlik müəyyən qədər artar. Tələbə Plus kartının vahid və şəffaf qaydada tətbiqi bütün tələbələrə eyni imkanlar verir və sosial zəif qrupların təhsil prosesində geridə qalmasının qarşısını müəyyən qədər alır.

 

Beşinci məsələ şəhər nəqliyyatının rəqəmsal idarəçiliyinə töhfə verə bilər. Tələbə Plus kartının tətbiqi nəqliyyat axınlarının daha dəqiq təhlilinə, tələbə seqmentinə yönəlmiş xüsusi həllərin hazırlanmasına, vahid elektron infrastruktura keçidə səbəb olar. Bu da dövlət üçün idarəetmədə rahatlıq yaradacaq.

 

Altıncı məsələ beynəlxalq təcrübəyə uyğunlaşmadır. Avropa, Türkiyə, Koreya, Yaponiya kimi ölkələrdə tələbə güzəştləri sosial siyasətin əsas elementlərindən hesab olunur. Azərbaycanın da bu istiqamətdə addım atması gənclərin gözləntilərini qarşılayar, təhsil mühitinin rəqabət qabiliyyətini artırar.

 

Ümumilikdə, Tələbə Plus kartının nəqliyyatda istifadəsinin genişləndirilməsi tələbənin maddi yükünü azaldar, təhsilə çıxışı yaxşılaşdırar, sosial fəaliyyətini dəstəkləyər, daha ədalətli və inkluziv təhsil mühiti yaradar.

 

Bu güzəştlər tələbələrin dərslərə, əlavə məşğələlərə, təcrübələrə davamiyyətini artırır, sosial inteqrasiyanı gücləndirir, kampus həyatını daha inkluziv edir. Sosial layihələrdə, könüllülük fəaliyyətlərində iştirak da genişlənir, beləliklə tələbələr arasında sosial bərabərlik artır.

 

Dövlət üçün isə bu, gənclərə yönəlmiş effektiv sosial investisiyadır — daha savadlı, təcrübəli və cəmiyyətə inteqrasiya olunmuş vətəndaşların formalaşmasına şərait yaradır.

 

Beynəlxalq təcrübələr də göstərir ki, sosial bərabərliyi artırmaq üçün tələbələrə edilən belə güzəştlər təhsil əlçatanlığını yüksəldir və gənclərin sosial mobilliyini də artırır.

 

Yekun olaraq, tələbə güzəştləri imtiyaz deyil, sosial ədalətin qorunması və gənclərin bərabər təhsil imkanlarına çıxışının təmin olunması üçün zəruri və vacib bir mexanizmdir".

 

Mövzu ilə bağlı tələbə Günel Əliliyəyə də müraciət etdik:

 

“Mənim fikrimcə, daha çox tam təqaüdsüz oxuyan, maddi cəhətdən imkanı zəif olan, ixtisasına görə çox hərəkət edən tələbələrə daha çox güzəştlər tətbiq olunmalıdır. Metro və avtobuslarda güzəştlərin tətbiqinin daha vacib olduğunu düşünürəm. Əgər nəqliyyatlarda güzəştlər tətbiq edilsə, maddi cəhətdən tələbəyə dəstək olanlara daha çox kömək etmiş olar”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər