Tələbələrin arzusu, məzunların təcrübəsi, ekspertlərin qiyməti
Azərbaycanın ali təhsil məkanında reallaşdırılan SABAH qrupları layihəsi, istedadı, düşüncə çevikliyi və akademik nailiyyətləri ilə seçilən tələbələrə daha yüksək keyfiyyətli təhsil mühiti yaratmağı hədəfləyən innovativ model kimi çıxış edir. Layihə yalnız bilik verməklə kifayətlənmir, tələbələrin yaradıcı potensialını, analitik düşüncəsini və peşə bacarıqlarını tam şəkildə üzə çıxarmağa yönəlmiş çevik və müasir tədris mühiti formalaşdırır. Bu yanaşma, gənclərin sürətlə dəyişən əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradır.
Mövzu ilə bağlı "İnformator.az" saytı SABAH qruplarında təhsil almaq istəyən tələbələrin, bu qrupların məzunundan və ali təhsil ekspertinin məsələyə olan münasibətlərini öyrənib.
SABAH qruplarında təhsil almaq istəyən tələbələrdən biri də Fəridə Əliyevadır:
"Məncə, SABAH qruplarında təhsil almaq böyük üstünlükdür və həm də bu qrupların diplomunu əldə etmiş olursan. Eyni zamanda, orada tələbəyə xüsusi hörmət və diqqət göstərilir, bu qrupun ən böyük üstünlüklərindəndir. Həmçinin təhsil sistemindəki ən son yeniliklər tətbiq olunur. SABAH qruplarında ədalət prinsipi də daha güclü şəkildə qorunur".
Fatimə Tahirova da bu qrupların tələbəsi olmaq arzusundadır:
"Sabah qrupunda təhsil almaq istəyərdim, çünki bu qrupda dərslər ingilis dilində keçirilir və mən ingilis dilində təhsil almaqla həm dil bacarıqlarımı inkişaf etdirmək, həm də qlobal səviyyədə rəqabət qabiliyyətimi artırmaq istəyirəm. İngilisdilli təhsilin mənə beynəlxalq resurslara daha rahat çıxış imkanı verəcəyini və gələcəkdə xaricdə təhsil və ya iş imkanlarımı genişləndirəcəyini düşünürəm".
SABAH qruplarının məzunlarından biri isə Qənirə Əliyevadır:
"Mən Qənirə Əliyeva. Bakı Dövlət Universitetinin SABAH qruplarının fizika müəllimliyi üzrə təhsil almışam. Bakalavrı ortalama 97.52 nəticə ilə, qırmızı diplomla bitirmişəm.
SABAH qruplarına daxil olmaq tələbələr üçün bir çox üstünlüklər təmin edir. Adi qruplarda dərslər ənənəvi metodlarla keçirilir, amma SABAH qruplarında dərslər interaktiv və layihəyə əsaslanmış şəkildə aparılır. Hər dərs slaydlarla təqdim olunur və tələbələr müxtəlif layihələr hazırlayıb təqdim edirlər. Fizika müəllimliyi olsa da, mülki müdafiə fənni də tədris olunurdu və qruplar arasında layihələr həyata keçirilirdi. SABAH qruplarında təqaüd proqramı xüsusi seçilmiş tələbələr üçün əlavə maliyyə imkanları yaradır və rəqabət mühiti təmin edir.Bu, tələbələri daha motivasiyalı edir. SABAH qrupları həmçinin gələcək iş imkanları təqdim edir. Layihələrə qoşulmaq və Təhsil Nazirliyinə bağlı vakansiyalara çıxış imkanı mövcuddur. Qəbul prosesi rəqabətçi və psixoloji hazırlıq tələb edir. Sırf təqaüdə görə qəbul olmaq olmaz, yalnız yüksək nəticə göstərən tələbələr götürülür. Bizim illərdə imtahan ingilis dili və məntiq fənlərindən olurdu. Müsabiqədə iştirak edərkən tələbələr yalnız suallara cavab verməklə kifayətlənməyib, özlərini aktiv şəkildə göstərməlidilər.
SABAH qruplarında müəllimlər tələbələri dinləyir və yaranan problemləri həll etməyə çalışırlar. Müəllimlərin çoxu imtahanla seçildiyi üçün savadlı və gənc kadrlar olur. Tələbələrin vərəqləri müəllim özü yoxlayır, adlar gizlədilir və obyektiv qiymətləndirmə aparılır. Bu, tələbələrin daha ədalətli qiymətləndirilməsini təmin edir.Starosta seçimi də obyektivdir. Qəbul balına görə ən yüksək nəticə göstərən tələbə starosta qoyulur və qohum-tanış amili yoxdur. Diplom məsələsi hər iki qrupda eynidir, amma məzun tədbirləri SABAH qruplarında həm rəsmi, həm qeyri-rəsmi, həm də universitetin əlavə tədbirləri ilə zənginləşdirilmişdir.Maraqlı tədbirlər, əlavə imkanlar və obyektiv qiymətləndirmə SABAH qruplarını adi qruplardan fərqləndirir".
Ali təhsil üzrə ekspert Vüsal Kərimli də mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. O bildirib ki, SABAH qruplarının imkan dairəsi çox genişdir:
"Maraqlı olan ondan ibarətdir ki, SABAH qrupunda oxumayan tələbələrlə, bu qrupda oxuyan, bakalavriat pilləsində oxuyan tələbələrin təhsil proqramları eynidir. Yəni eyni təhsil proqramları ilə təhsil alırlar, amma diqqət eləsək, baxırıq ki, SABAH qruplarının ölkə üzrə onun keyfiyyəti, məzunlarının iş tapma bacarıqları, problemlərin həll yolu yönümlü olması məsələsində onlar daha digər SABAH qrupları olmayan, normal ixtisas sahiblərindən daha bacarıqlı, daha savadlıdırlar və dediyim kimi daha tez iş tapa bilirlər. Bunun səbəbi nədən ibarətdir? Çox maraqlı bir yanaşmadır. Dünyada müəyyən paradiqma olan, bizim keyfiyyət təminatı təsdiq edilən universitetdə dərs deyən kafedranın, ümumiyyətlə, universitetinin professor, müəllim heyətinin 70 faizi ştat müəllim olmalıdır. Bu dünyada da belədir. Amma standart qeyri formatda qeyri-standart yanaşmada sabah qruplarının müəllimləri həm doğrudan da öz unikallıqları ilə seçilən, xaricdə təhsil almış, doğrudan da öz sahələrinin peşəkarı və daha çox əmək bazarından gələn yol şəxslərdir, professor müəllim heyətidir ki, onlar tələbənin təhsilinə daha ciddi dəyər qata bilirlər. O zaman bir sual ortaya çıxır: doğrudanmı 70 faiz ştat müəllim tələbi realdırmı və yaxud da vacibdirmi? Çünki biz real olaraq SABAH qruplarını görürük. SABAH qruplarında ikinci bir məsələ, sabah qruplarına qəbul olan tələbələr daha çox yuxarı, yəni ikinci kursdan qəbul olurlar və yüksək ballı tələbələr olurlar. Mən deməzdim ki, bu mütləq şəkildə belədir. Amma yüksək ballı tələbələrin bilik və bacarıqları, məntiqi təfəkkürü çox güclüdür və bu tələbələr də məzun olduqları dönəmdə həm təhsil prosesində daha yaxşı mənimsəyirlər,təhsili daha yaxşı müzakirə edə bilirlər”.
Sonda ekspert SABAH qruplarını Azərbaycan ali təhsil məkanına bir model kimi göstərərək fikirlərini yekunlaşdırıb:
“Ümumiyyətlə, Azərbaycanda ali təhsil məkanında SABAH qruplarını, bu layihəni çox müsbət dəyərləndirirəm və bu illər ərzində, bayaq dediyim paradiqma dediyimiz hipotizamızı dəyişir. Dünyanın keyfiyyət anlayışının tam əksinə gedir. İkinci bir məsələ layihə yönümlü dediyimiz təhsil, layihə yönümlü qiymətləndirmə tələbənin sabah iş mühitində müəyyən layihələrin müəyyən qarşıya çıxan müəyyən çağırışların və çətinliklərin öhdəsindən çox rahatlıqla gəlir. Komandada işləmə bacarığını inkişaf etdirir. Fənnlərarası bacarıqlarını gücləndirir. Mən düşünürəm ki, SABAH qrupları Azərbaycan ali təhsil məkanına bir modeldir. Bu model ortaya bir ritorik sual çıxardır: Məgər Azərbaycan ali təhsil müəssisələrində çalışan ştat müəllimlər SABAH qrupunda əmək bazarından gələn müəllimlərdən az bilik verirlər, yoxsa daha az praktik biliklərimi verirlər və nə üçün onlarda daha effektli deyil bu? Bu məsələ çox ciddi şəkildə düşünürəm ki, təhlil edilməlidir. Ümumiyyətlə, bu ildən artıq bunu birinci kursa qəbul olmaq imkanı yaradıldı. Bu, özlüyündə çox yaxşı bir göstəricidir və mən düşünürəm ki, zamanla ali təhsil istiqamətində bayaq qeyd etdiyim ritorik suala, doğrudanmı ştat müəllim vacibdir? Bu məsələyə daha yaxşı aydınlıq gətiriləcəkdir".
Eslanda Kulieva
