Tofiq Abbasov: “Avropada ölkəmizlə bağlı maraq oyatmaq üçün qeyri-standart yanaşmalar tətbiq edilməlidir”
Xaricdə yaşayan Azərbaycan icmalarının fəaliyyətinin sistemləşdirilməsi, milli irsimizin təbliği və ölkəmizlə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlər aktual olaraq qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, xaricdə yaşayan soydaşlarımızın vətənlə üzvi bağlılığının qorunması və əcdadlarımızın yaratdığı irsin təbliği əsas prioritetlərdəndir:
"Avstriya kimi böyük bir ölkədə icma fəaliyyətinin effektivliyi üçün ünvanlı yanaşma və illik proqramlar hazırlanmalıdır. Azərbaycandan mədəniyyət, incəsənət və teatr xadimlərini dəvət edərək kiçik kamera səhnələrində milli musiqi və mədəniyyət ənənələrimizi təqdim etmək olar. Həmçinin Azərbaycanın dostu olmuş mərhum avstriyalı alim Erik Faytl kimi şəxsiyyətlərin xatirə gecələrini keçirməklə onun obyektiv elmi irsindən təbliğat işində faydalanmaq vacibdir".
Tofiq Abbasov Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması prosesində qarşıya çıxan çətinliklərə də toxunub. O qeyd edib ki, "Azərbaycan həqiqətləri" ifadəsi daha çox daxili auditoriya üçün nəzərdə tutulub, xaricdə isə ölkənin siyasi prioritetləri və konseptual yanaşmaları obyektiv şəkildə təqdim edilməlidir.
“Avropada yaşayan insanlar adətən mötədil olur, başqa ölkələrin həyatına az maraq göstərir və özlərinə məxsus qapalı mühitdə yaşayırlar. Onlarda maraq oyatmaq üçün qeyri-standart və yumşaq yanaşmalara ehtiyac var. Digər tərəfdən, bədxah qonşularımızın ölkəmizi qaralamaq üçün xarici əlaqələrdən istifadə etməsinə qarşı süst oturmamalı, ardıcıl və təmkinli təbliğat aparmalıyıq”.
Vyanada keçirilən görüşdə müəyyənləşdirilən yeni hədəflər və növbəti addımlardan danışan siyasi şərhçi vurğulayıb ki, Avropa vətəndaşlarına Azərbaycanın işgüzar və sülhsevər siyasəti, eləcə də iki Qarabağ müharibəsinin əsl mahiyyəti düzgün izah olunmalıdır. O, ikitərəfli münasibətlərdəki üstünlüklərin də önə çəkilməsinin vacibliyini qeyd edib:
“Avstriya Azərbaycan qazından istifadə edir və ölkəmiz mühüm nəqliyyat qovşağına çevrilir. Bu iqtisadi və enerji əlaqələrindən, eyni zamanda elmi-mədəni potensialımızdan istifadə edərək ölkəmiz haqqında dolğun təəssürat yaratmalı və dostlarımızın sayını artırmalıyıq”.
Sevanə Pənahova