00:00:00
Yazar
Aysel Mirzəyeva
03.03.2026 19:51 102 2 dəq oxuma
İqtisadiyyat

“Total” və “Abşeron” arasında yeni mərhələ müzakirəsi

“Total” və “Abşeron” arasında yeni mərhələ müzakirəsi

Azərbaycan və Fransanın “Total Energies” şirkəti “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, həmçinin əməliyyatların karbon izinin azaldılması məsələlərini müzakirə edib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə burada coğrafi və infrastruktur üstünlüyü amili var:

 

“Qaz onsuz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. İnfrastrukturun işlək olması siyasi etimadın formalaşdığını və uzunmüddətli müqavilə əsaslı təchizatın mövcudluğunu göstərir. Avropa İttifaqının karbon emissiyaları ilə bağlı ciddi tələbləri var. Karbon izi ölçülür və yüksək göstəricilər olduqda qəbul edilmir. Buna görə də istehsal prosesinin ekoloji standartlara uyğunlaşdırılması vacibdir. Hazırda əsas ixrac mənbələrindən biri Şahdəniz qaz yatağıdir. Abşeron yatağının da tammiqyaslı işlənməsi nəticəsində istənilən göstəricilər əldə olunarsa, ixrac həcmi və Azərbaycanın bazar payı arta bilər”.

 

İqtisadçı əlavə edib ki, qaz müqavilələri adətən uzunmüddətli və mövsümi tələbat nəzərə alınmaqla bağlanır:

 

“Qış mövsümündə qaza tələbat artır və bu cür müqavilələr Azərbaycanın mövqeyini gücləndirir. Yaxın perspektivdə yeni iri investisiyalar gözlənilməsə də, mövcud kəmərlərin iqtisadi əsasları daha da möhkəmlənə bilər. Qaz həcmləri artarsa, paralel əlavə boru kəmərlərinin çəkilməsi də gündəmə gələ bilər. Baxmayaraq ki, Avropada bərpa olunan enerji artır, ümumi enerji tələbi də yüksəlməkdə davam edir. Dövlət gəlirlərinə təsirə gəldikdə isə, ilkin investisiya mərhələsində xərclər artacaq və bu, qısamüddətli dövrdə büdcə gəlirlərinə müəyyən azalma təsiri göstərə bilər. Məsələn, SOCAR investisiya yatırarsa, dividendlər və büdcəyə ödənişlər müvəqqəti azala bilər. Lakin layihə uğurlu olarsa, qaz və kondensat satışından gəlirlər formalaşacaq. Mənfəət vergisi dövlət büdcəsinə, gəlirlərin bir hissəsi isə Azərbaycan Dövlət Neft Fonduna yönələcək və sonradan yenidən büdcəyə qaytarılacaq. Pik dövrdə gəlirlərin illik yüz milyonlarla dollar səviyyəsində olması mümkündür. Bu isə istehsal həcmi və qazın dünya bazar qiymətindən birbaşa asılı olacaq”.


Günel Əlili

#xəbər #“total” #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər