Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və Çindən xeyli irəlidədir
ABŞ-nin qlobal səhnədəki mövqeyi və əsas rəqibi Çinlə münasibətləri yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib. Ölkə rəhbərliyinin son açıqlamaları Vaşinqtonun beynəlxalq nüfuzunu bərpa etdiyini və strateji rəqabətdə üstünlük əldə etdiyini göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın biz "Çindən xeyli irəlidəyik" bəyanatı bu daxili auditoriyaya yönəlmiş əlbəttə ki, bir mesajdır. Bu mesajda həqiqət payı çoxdur:
"Amerika Birləşmiş Ştatları hazırki vəziyyətdə dünya iqtisadiyyatında çox mühüm rol oynayır və dünyanın birinci iqtisadiyyatına malikdir. Yüksək texnologiyalar, hərbi gücü, iqtisadi potensialı, dünyadakı proseslər təsiri baxımından əlbəttə ki, Amerika super güc statusundadır. Amma nəzərə alsaq ki, Çin də son 10 illikdə qlobal güc olma yolunda olduqca mühüm addımlar atıb və xüsusilə də yüksək texnologiyalar, nadir elementlər, hərbi potensialın artırılması, müəyyən energetika sahəsində, kosmosda Çin ciddi uğurlar əldə edib".
Politoloq qeyd edir ki, Amerika Birləşmiş Ştatları ilə Çinin ümumi daxili məhsulları arasında ciddi fərq olsa da, Çində artıq ümumi daxili məhsulu 20 trilyona qədər artırıb. Amerikadan fərqli olaraq Çinin dövlət borcları yüksək deyil:
“Amerika Birləşmiş Ştatlarında bu ümumi daxili məhsulun təxminən 100%-dən də artıqdır ki, bu, Amerika üçün problem deməkdir. Çinin iqtisadi artım tempi Amerika Birləşmiş Ştatlarından daha üstün olduğuna görə Çinin Amerikanı qabaqlamaq, ona çatmaq ehtimalları kifayət qədər yüksəkdir. Hətta bir çox ekspertlər Çinin təxminən qarşıdakı 10-15 ildə Amerika Birləşmiş Ştatlarına iqtisadi cəhətdən üstün gələcəyi ilə bağlı proqnozlar verirlər. Çin son 10 illikdə dünyanın istehsal fabrikinə çevrilmişdir, bu da onun gücünə güc qatır. Bu il ərzində Donald Trampın iki dəfə Si Tsinpinlə görüşməsi də əslində bu qlobal rəqabətlə bağlı olan məsələdir, çünki iki qlobal güc öz aralarındakı münasibətlərə aydınlıq gətirməyə çalışırlar. Yəni bu baxımdan onun bəyanatı bu günkü reallığı əks etdirir, amma qarşıdakı 10 illiklərdə hadisələrin fərqli yöndə getmə ehtimalları kifayət qədər yüksəkdir və Çinin Amerikaya çatmaq və onu ötməklə bağlı apardığı siyasət və birinci iqtisadi gücə çevrilmə potensialı kifayət qədər yüksəkdir".
Xədicə İsmayılova