Tramp “Amerika xəyalı”nı puç edir
Əmək bazarında durğunlaşma Prezident Donald Trampın Amerikada “çiçəklənən” iqtisadiyyatı təmin etmək vədləri ilə ziddiyyət təşkil edir.
Bu barədə “Faynənşl Tayms" qəzeti ekspertlərə və amerikalı siyasətçilərə istinadən məlumat yayıb.
“Amerika liderinin səs-küylü bəyanatlarından sonra böyük idxal tariflərinin, miqrasiya siyasətinin sərtləşdirilməsinin və digər tədbirlərin davamlı məşğulluğun artımını və sabit inflyasiyanı təmin edəcəyi gözlənilib.
Bununla belə, ABŞ Əmək Statistikası Bürosunun məlumatları əksini göstərir.
Avqust ayında ABŞ-də iş yerlərinin sayı 22 min artıb, bu ekspertlərin proqnozlaşdırdığından üç dəfə azdır”, - məlumatda deyilib.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ iqtisadiyyatına güclü təsir göstərən bir neçə əsas faktor mövcuddur:
“Buraya ticari proteksionizm, Tramp administrasiyasının miqrasiya siyasətində sərtləşmələr, idxal rüsumlarının artırılması, maliyyə zəifləmələri və investisiya axınındakı azalmalar daxildir. Bütün bunlar əmək bazarında durğunluğa səbəb olan mühüm amillər sırasındadır. Ticari proteksionizm təbii olaraq işçi qüvvəsinin zəifləməsinə, həm istehsalın, həm də ixracın azalmasına gətirib çıxarır”.
Günay Hüseynova açıqlamasında qeyd edib ki, digər bir mühüm faktor sərt miqrasiya siyasəti ilə bağlıdır:
“Bildiyimiz kimi, həmin dövrdə kütləvi deportasiyalar həyata keçirilib. Halbuki ABŞ-də kənd təsərrüfatı, xidmət sektoru və ümumiyyətlə ağır fiziki işlərin böyük hissəsini əsasən miqrantlar icra edib. Miqrantların deportasiyası və sərt yanaşmalar bu sahələrdə istehsal həcminin azalmasına, əmək bazarının zəifləməsinə, pul dövriyyəsinin ləngiməsinə, maaş artım tempinin aşağı düşməsinə və digər bir çox mənfi nəticələrə səbəb olub”.
İqtisadçı ekspert açıqlamasında bildirib ki, gözləniləndən aşağı məşğulluq artımı ABŞ iqtisadiyyatının yaxın perspektivinə də mənfi təsir göstərə bilər:
“Çünki ABŞ iqtisadiyyatı əsasən istehlak gəlirlərinə söykənir. Əmək bazarında işçi qıtlığının dərinləşməsi, xüsusilə də miqrantların deportasiyası və sərt siyasətin davam etməsi istehlak həcmini azaldır. İstehlak həcminin azalması isə iqtisadi balansın pozulmasına və iqtisadiyyata birbaşa mənfi təsirə yol açır”.
Günay Hüseynova son olaraq açıqlamasına əlavə edib ki, tarif və miqrasiya siyasətində dəyişikliklər isə yalnız uzunmüddətli və ardıcıl şəkildə həyata keçirildiyi halda müsbət nəticə verə bilər:
“Məlum olduğu kimi dollara təsirlər var, dolların gücləndirilməsi istiqamətində işlər görülür. Bu işlər çərçivəsində də tariflərin yüksəldilməsi idxal bazarına da təsir göstərir. Həmçinin ölkənin ixrac bazarında da müəyyən çətinliklər yaradır.
Tarif siyasətində yumşaldılmalar, vergi güzəştlərinin tətbiqi ixrac və idxal bazarını hərəkətə gətirə bilər. Miqrasiya siyasətinin yumşaldılması isə xüsusilə vacibdir. Çünki ABŞ iqtisadiyyatının bəzi sahələri – kənd təsərrüfatı, xidmət və ağır fiziki əmək tələb edən sahələr – birbaşa miqrantların əməyinə bağlıdır. Kütləvi deportasiyalar həmin sahələrin inkişafını dayandırır, əmək bazarında ciddi qıtlıq yaradır və ÜDM-də həmin sahələrin payını azaldır.
Bu səbəbdən yaxın dövrdə həm tarif dərəcələri, həm də miqrasiya siyasəti ilə bağlı müəyyən addımların atılacağı gözlənilir. Çünki sərt siyasətin uzun müddət davam etməsi iqtisadiyyata olduqca mənfi təsir göstərməkdə davam edəcək”.
Ləman Mahmudlu
