Tramp hərbi büdcəni 1,5 trilyona qaldırır
Qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox gərgin və təhlükəli dövrdə 2027-ci il üçün müdafiə büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır. Bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“Bu, bizə uzun müddətdir haqqımız olan arzuların ordusunu yaratmağa imkan verəcək və daha da əhəmiyyətlisi, bizi istənilən düşməndən qoruyacaq”, - o bildirib.
Qeyd edək ki, ABŞ-nin 2026-cı il üçün müdafiə büdcəsi 901 milyard dollardır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, 2026-cı il üçün ABŞ-nin hərbi büdcəsi 900 milyard dollar həcmində nəzərdə tutulub.
“Donald Trampın hərbi xərclərin artırılması ilə bağlı açıqlaması həm siyasi, həm iqtisadi, həm də sosial prioritetlərdə ciddi dəyişikliklər deməkdir.
Siyasi prioritetlər baxımından bu addım yeni münaqişələrin yaranacağına, ABŞ-nin və digər ölkələrin müxtəlif regionlarda hərbi əməliyyatlarda daha aktiv iştirak edəcəyinə işarə edir. Digər tərəfdən, məlumdur ki, ABŞ-nin xarici borcu hazırda 33–34 trilyon dollar civarındadır. Hərbi xərclərin artırılması yeni maliyyə öhdəliklərinin yaranması və əlavə borclanma deməkdir. Bu isə faiz xərclərinə və ümumilikdə büdcə balansına müəyyən təsir göstərəcək”.
Ekspert qeyd edib ki, bu fonda iqtisadi prioritetlər də ön plana çıxır:
“Hərbi büdcənin artırılması silah istehsalının genişlənməsinə və silaha olan tələbatın artmasına səbəb olacaq. Tələbatın yüksəlməsi isə müəyyən məhsulların qiymətlərinə də təsir göstərə bilər. ABŞ-nin də bu prosesdə digər ölkələrdən silah alışı həyata keçirəcəyini düşünmürəm. Əksinə, əsas sifarişlər ABŞ-də fəaliyyət göstərən yerli silah istehsalçılarına yönəldiləcək və daxili hərbi-sənaye kompleksi daha da gücləndiriləcək.
Sosial baxımdan isə hərbi xərclərdə nəzərdə tutulan bu artım bəzi sosial prioritetlərin ikinci plana keçməsinə səbəb ola bilər. Büdcədə 600-900 milyard dollarlıq artım o deməkdir ki, səhiyyə, təhsil və digər sosial sahələr üçün ayrılan vəsaitlərin bir hissəsi hərbi xərclərə yönəldilə bilər”.
Ləman Mahmudlu
