00:00:00
Yazar
Güllər Gülhüseynova
20.08.2026 20:42 82 3 dəq oxuma
İqtisadiyyat

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi müharibə elan etdiyini açıqlayıb.

 

 

“Bu, görünməmiş təcrid və iqtisadi müharibə miqyası olacaq”, - Tramp yazıb.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın əsas məqsədi ilk növbədə İran iqtisadiyyatını dağıtmaqdan daha çox, yaranmış iqtisadi böhranı Tehranı danışıqlarda güzəştə məcbur etmək üçün istifadə etməkdir:

 

“Tramp özü də iqtisadi təzyiqi danışıqların alternativi kimi deyil, İranın mövqeyini dəyişdirmək üçün əsas vasitələrdən biri kimi təqdim edir. Lakin təzyiq uzun müddət davam edərsə, nəticədə İran iqtisadiyyatının struktur baxımından daha ciddi zəifləməsinə və ölkənin beynəlxalq iqtisadi sistemdən daha da təcrid olunmasına gətirib çıxara bilər.  ABŞ-nin bundan sonra əsas hədəfi yalnız İran şirkətləri və bankları deyil, İranın neftini alan ölkələr, vasitəçi şirkətlər, maliyyə kanalları və sanksiyalardan yayınmağa imkan verən logistika şəbəkələri ola bilər. Xüsusilə Çin kimi İranın əsas neft alıcılarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi Tehran üçün ciddi zərbə yarada bilər. Çünki İranın əsas gəlir mənbələrindən biri neft ixracıdır və onun satış kanallarının daralması ölkəyə valyuta daxilolmalarını azaldacaq. İranın vəziyyətini daha da ağırlaşdıran məqam odur ki, ABŞ təzyiqi artıq təkbaşına deyil. Birləşmiş Ərəb Əmirliklərinin İranla ticarət və maliyyə əməliyyatlarını dayandırması Tehran üçün mühüm iqtisadi kanalın bağlanması deməkdir. İranın idxalının əhəmiyyətli hissəsi BƏƏ üzərindən həyata keçirilirdi və ölkənin xarici valyuta daxilolmalarında da bu kanalın böyük rolu vardı. Bu kanalın bağlanması həm idxalı, həm də neft və digər ixrac gəlirlərinin ölkəyə qaytarılmasını çətinləşdirə bilər. Belə sanksiyalar İran rialına əlavə təzyiq göstərə, inflyasiyanı sürətləndirə, idxal olunan ərzaq və sənaye məhsullarının qiymətini artıra və əhalinin alıcılıq qabiliyyətini daha da aşağı sala bilər. Dövlətin büdcə gəlirlərinin azalması isə maaşların, subsidiyaların və sosial ödənişlərin maliyyələşdirilməsini çətinləşdirə bilər. Yəni iqtisadi təzyiqin əsas yükünü ilk növbədə İran əhalisinin hiss etməsi ehtimalı yüksəkdir”.

 

Akif Nəsirli həmçinin bunu da qeyd edib ki, bunun İran hakimiyyətinin danışıqlara getməsi və ya güzəştə razılaşması anlamına gəlmədiyini də nəzərə almaq lazımdır:

 

“İran artıq uzun illərdir sanksiyalar şəraitində yaşayır və alternativ ticarət, kölgə maliyyə şəbəkələri və qeyri-rəsmi neft satış mexanizmləri formalaşdırıb. Buna görə də ABŞ sanksiyaları iqtisadiyyatı ciddi zəiflədə bilər, lakin qısa müddətdə hakimiyyəti çökdürməsi və ya siyasi kapitulyasiyaya məcbur etməsi real görünmür. Əsas risk odur ki, Vaşinqtonun hesablaması ilə Tehranı güzəştə məcbur etmək üçün tətbiq olunan iqtisadi təzyiq əks nəticə də verə bilər. İran hakimiyyəti bunu rejimin təhlükəsizliyinə təhdid kimi qəbul edib daha sərt mövqe tuta, xüsusilə Hörmüz boğazı məsələsində geri çəkilmək əvəzinə qarşıdurmanı uzada bilər. Bu isə həm İran iqtisadiyyatına, həm də dünya enerji bazarına daha böyük zərbə vura bilər. Ona görə mənzərə belədir: ABŞ-nin yaxınmüddətli məqsədi İranı iqtisadi cəhətdən diz çökdürməkdən çox, iqtisadi ağrını artıraraq onu danışıqlara və güzəştlərə məcbur etməkdir. Lakin danışıqlar baş tutmasa, bu siyasət tədricən uzunmüddətli iqtisadi təcrid strategiyasına çevrilə bilər. Belə halda İran üçün ən ciddi nəticələr neft ixracının azalması, valyuta çatışmazlığının dərinləşməsi, rialın zəifləməsi, inflyasiyanın yüksəlməsi və xarici ticarətin daralması olacaq”.

 

Güllər Gülhüseynova

#iqtisadi #nəhəng #edib #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər