Tramp: "Kral III Çarlzın ABŞ səfəri münasibətləri bərpa edə bilər"
ABŞ Prezidenti Donald Trump bildirib ki, Kral III Çarlz və Kraliça Kamilla-nın gələn həftə ABŞ-yə edəcəyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
"İnformator.az" "BBC" -yə istinadən xəbər verir ki, Tramp telefon müsahibəsində səfərin əlaqələrin bərpasına təsiri ilə bağlı sualı cavablandırarkən “Tamamilə. O, möhtəşəm insandır. Cavab tam olaraq bəlidir” - deyə qeyd edib.
ABŞ prezidenti bildirib ki, Kral III Çarlzı uzun illərdir tanıyır və onu “cəsur və böyük insan” kimi qiymətləndirir. Onun sözlərinə görə, bu səfər iki ölkə üçün müsbət nəticələr verə bilər.
Tramp həmçinin Böyük Britaniyanın Baş Naziri Keir Starmer ilə münasibətlərinə də toxunub. O bildirib ki, Starmer immiqrasiya siyasətini dəyişərsə, münasibətləri “bərpa edə” bilər.
Qeyd edək ki, Kral III Çarlz və Kraliça Kamilla bazar ertəsi başlayacaq dörd günlük səfər çərçivəsində ABŞ-yə gedəcək və Ağ Evdə Donald Trampla görüşəcəklər.