Tramp-Modi razılaşması
ABŞ prezidenti Donald Tramp bildirib ki, Hindistanın Baş naziri Narendra Modi Rusiya neftinin idxalını dayandırmağa razılıq verib. Trampın sözlərinə görə, bu qərar tərəflər arasında aparılan danışıqların nəticəsidir və Hindistanın enerji siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Hindistanın Baş naziri Narendra Modi ilə danışıqların nəticələri barədə sosial şəbəkədə paylaşdığı məlumatlar diqqət çəkir:
“Tramp qeyd edir ki, Hindistan ABŞ ilə razılaşmalar əldə edib və bunun nəticəsində enerji məhsulları, yüksək texnologiyalar, kömür və digər sahələr üzrə ildə 500 milyard dollar həcmində ticarət həyata keçiriləcək. Tərəflər eyni zamanda ticarət tariflərinin azaldılması barədə də razılığa gəliblər. Bu açıqlamada ən diqqətçəkən məqam Hindistanın Rusiya neftindən imtina edəcəyi ilə bağlı yayılan məlumatlardır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiya neftinin əsas alıcılarından biri Hindistan olub. Son dövrlərdə ABŞ-nin təzyiqləri nəticəsində Hindistan bu alışı müəyyən qədər azaldıb. Hindistanın alternativ mənbələrdən neft əldə etmək imkanları olsa da, bu proses iqtisadi baxımdan çətinlik yarada bilər. ABŞ və digər mənbələrdən alınan neft Hindistan üçün daha baha başa gəlir. Rusiya nefti isə qiymət tavanına görə daha ucuzdur. Hindistanın Rusiya enerji resurslarından tam imtina edəcəyi real görünmür”.
Politoloq vurğulayıb ki, Hindistanla Rusiya arasında strateji xarakterli münasibətlər mövcuddur:
“Rusiya prezidenti yaxın vaxtlarda Hindistana səfər edib və burada ciddi razılaşmalar əldə olunub. Xüsusilə, Su-57 təyyarələrinin birgə istehsalı ilə bağlı anlaşmalar münasibətlərin dərinliyindən xəbər verir. Hindistan ABŞ ilə yaxınlaşsa da, bu, digər tərəfdaşlardan imtina anlamına gəlmir. Hindistan ABŞ ilə münasibətləri inkişaf etdirir, lakin eyni zamanda Rusiya və Çinlə əlaqələri qorumağa çalışır. Narendra Modi kifayət qədər çevik və praqmatik siyasət yürüdür. ABŞ-Hindistan yaxınlaşması daha çox Vaşinqtonun maraqlarına uyğundur. ABŞ-nin əsas strateji rəqibi Çindir və Vaşinqton bu rəqabətdə Hindistanı önəmli tərəfdaş kimi görür. ABŞ Hindistanla münasibətləri gücləndirməyə çalışır. Bu razılaşmalar Rusiya-Hindistan münasibətlərində ciddi gərginliyə səbəb olmayacaq. Tərəflər arasında imzalanan strateji razılaşmalar var və Hindistan balanslı siyasət yürütməyə çalışır. ABŞ ilə yaxınlaşma digər güclərlə münasibətlərin pozulması demək deyil”.
Fatimə Hüseynli
