Tramp və Kim Çen In yenidən görüşə bilər? ABŞ-dən gözlənilməz addım
ABŞ-Şimali Koreya münasibətlərində yeni diplomatik gedişlərin müzakirə olunduğu bir dövrdə Vaşinqtondan diqqətçəkən açıqlama gəlib. ABŞ rəsmisi Rubio bildirib ki, ölkəsi Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında mümkün görüş ehtimalını fəal şəkildə nəzərdən keçirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu görüşdə dünyanın gələcəyi, sülh və təhlükəsizlik üçün qorxulu nəyisə gözləməyə dəyməz:
"Bu münasibətlər müəyyən qədər yumşala bilər, amma Şimali Koreya ilə ABŞ-nin arasında fundamental razılaşmaların əldə oluna biləcəyi mümkün görsənmir. Şimali Koreya ilə Amerikanın münasibətlərinin formal olaraq dəyişməsi normal bir görüntüdür. Çünki Şimali Koreya bu aylarda Cənubi Koreyanın dövlət kimi mövcud olma haqqını tanıyıb, çünki onlar heç vaxt bir-birini tanımamışdılar. Şimali Koreya özünün milli təhlükəsizlik konsepsiyasını dəyişərək həmin konsepsiyada Cənubi Koreyanı öz ərazisi hesab etmək iddiasını çıxardıb. Cənubi Koreyanı isə Yaponiyanın, Amerikanın müttəfiqi olduğunu nəzərə alsaq, Şimali Koreyanın atdığı bu addım əslində həm reallıqla barışmaq, həm də münasibətlərin dəyişdirilməsi üçün müəyyən bir jest edilməsi kimi qəbul oluna bilər".
Siyasi şərhçi qeyd edir ki , əgər Şimali Koreyanın Cənubi Koreyaya və bəzi regional məsələlərə münasibəti, baxışı dəyişirsə, Amerikanın da münasibətləri dəyişməyə bilməz:
“Nəzərə alaq ki, artıq iki ya üç dəfə Trampla Şimali Koreyanın prezidenti görüşüblər. Bir dəfə Trampın ilk hakimiyyəti dövründə görüşüblər, sonra isə bir neçə ay bundan əvvəl yenə də onlarla görüşdülər və o görüşlərdə də hər hansı bir razılaşma əldə olunmayıbsa, bundan sonra da razılaşmaların əldə olunması gözlənilmir. Çünki Amerika və Şimali Koreya münasibətlərinə nöqteyi-nəzərindən yanaşsaq, onların hər ikisi dünyanın bir-birinə zidd olan geosiyasi qütblərinin təmsilçidirlər. Şimali Koreya Rusiya ilə birlikdə bir qütbü, Amerika isə başqa bir qütbü təmsil edir. Belə şəraitdə onların prinsipial və fundamental məsələlərdə razılaşa biləcəkləri inandırıcı deyil, amma aralarındakı düşmənçilik ritorikasının nisbətən yumşaldılmasına müəyyən qədər təsir göstərə bilər. Düşünmürəm ki, belə bir görüşdə Amerika Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstək mövqeyini dəyişdirə bilsin və ya Amerika Şimali Koreyanı Rusiyanın yaxın müttəfiqləri sırasından çəkib çıxarda bilsin. Ancaq düşmənçilik ritorikasının nisbətən yumşalmasına təsir göstərə bilər".
Xədicə İsmayılova