00:00:00
Yazar
Ayan Sadi
20.10.2026 22:18 37 3 dəq oxuma
Dünya

Tramp Zelenskini sülh prosesinə mane olmaqda günahlandırıb

 

Tramp Zelenskini sülh prosesinə mane olmaqda günahlandırıb

 

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesinə kifayət qədər töhfə verməməkdə günahlandırıb. Siyasi şərhçi Müşfiq Abdulla hesab edir ki, Trampın bu mövqeyi Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsinə, ərazilərindən imtina etməsinə və müharibənin dayandırılması naminə güzəştlərə getməsinə yönəlmiş təzyiqlərlə bağlıdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp Ukraynanın Rusiyanın tələblərini qəbul etməsini sülhə nail olmaq üçün mümkün yol kimi təqdim edir. Onun sözlərinə görə, müharibənin başlanmasına səbəb Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzüdür və davamlı sülh üçün tərəflər arasında qarşılıqlı güzəştlərə əsaslanan razılaşma əldə olunmalıdır.

 

“İstənilən münaqişənin həlli üçün ya kompromis, yəni qarşılıqlı güzəştlərə söykənən variant, ya da konsensus, yəni tərəflərin ortaq mövqeyə gəldiyi və hər iki tərəfi qane edən variant tapılmalıdır”.

 

Siyasi şərhçinin fikrincə, Rusiya Ukraynaya qarşı ərazi iddialarından geri çəkilmədiyi və güzəştə getmədiyi üçün danışıqların müsbət nəticələnməsi ehtimalı aşağıdır. O qeyd edib ki, ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin iştirakı ilə aparılan görüşlərin əvvəlki danışıqlardan ciddi şəkildə fərqlənəcəyini gözləmir. Onun qənaətinə görə, bu təmaslar Ukrayna tərəfini ərazi məsələlərində güzəştə razı salmaq məqsədi daşıya bilər.

 

Müşfiq Abdulla bildirib ki, Donbasdan imtina məsələsi Ukrayna üçün yalnız siyasi deyil, həm də hüquqi problem yaradır. Onun sözlərinə görə, Ukrayna Konstitusiyasının 102-ci maddəsi dövlət başçısının ölkənin suverenliyinin və ərazi bütövlüyünün təminatçısı olduğunu müəyyənləşdirir. Buna görə də Ukrayna ərazilərinin başqa dövlətə verilməsi ilə bağlı qərar ciddi konstitusion və hüquqi məhdudiyyətlərlə üzləşir.

 

Siyasi şərhçi, həmçinin Konstitusiyanın 73-cü maddəsinə diqqət çəkib. Həmin maddəyə əsasən, ölkənin ərazisinin dəyişdirilməsi məsələsi ümumxalq referendumu ilə həll edilməlidir. Onun sözlərinə görə, hərbi vəziyyətin davam etməsi və milyonlarla ukraynalının ölkə xaricində yaşaması belə bir səsvermənin təşkilini çətinləşdirir. Konstitusiyanın 157-ci maddəsi isə dövlətin müstəqilliyinin ləğvinə və ərazi bütövlüyünün pozulmasına yönələn dəyişiklikləri qadağan edir.

 

Müşfiq Abdulla hesab edir ki, sülh danışıqlarının nəticəsiz qalmasına təsir göstərən amillərdən biri də Avropa İttifaqı və Böyük Britaniyanın prosesdəki roludur. O bildirib ki, Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğundan, ABŞ danışıqlarda Avropa tərəfinin mövqeyini də nəzərə almalıdır. Siyasi şərhçinin fikrincə, Trampın Ukrayna münaqişəsinin ABŞ-a aid olmadığını bildirməsinə baxmayaraq, prosesdə fəal iştirak etməsi onun yanaşmasında müəyyən siyasi ziddiyyət yaradır.

 

Şərhçi ABŞ-da keçiriləcək aralıq seçkilərin də Trampın Ukrayna siyasətinə təsir göstərə biləcəyini düşünür. Onun sözlərinə görə, Demokratlar Partiyasının Konqresin hər iki palatasında mövqelərini gücləndirməsi Trampın Ukrayna məsələsindəki siyasətinə təzyiqləri artıra, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstəyin genişləndirilməsi istiqamətində addımlara şərait yarada bilər.

 

Müşfiq Abdullanın qənaətinə görə, ABŞ-ın Ukrayna ilə bağlı təşəbbüslərinin nəticəsi tərəflərin güzəştə hazırlığından və danışıqlarda Avropanın mövqeyinin nə dərəcədə nəzərə alınmasından asılı olacaq. O hesab edir ki, Ukraynaya ərazi güzəştləri ilə bağlı təzyiqlərin davam etməsi münaqişənin həllini çətinləşdirə və regionda gərginliyin artmasına səbəb ola bilər.

 

Aynur Əhmədli

#sülh #mane #xəbər #zelenskini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər