Trampın açıqlamasından sonra dünya bazarlarında qiymət artımı başlayıb
ABŞ Prezidenti Donald Trump mümkün sülh danışıqları üçün hazırlanan 14 maddədən ibarət təklif paketinə İranın təqdim etdiyi cavabı rədd edib.
Tramp bildirib ki, İran nümayəndələrinin göndərdiyi cavabı oxuyub və onu “tamamilə qəbuledilməz” hesab edir. Bu açıqlamadan sonra neft qiymətləri yenidən yüksəlməyə başlayıb.
Tehran nüvə proqramı kimi mürəkkəb məsələlərin danışıqlar prosesindən kənarda saxlanılmasını istəyir. İranın yarırəsmi Tasnim agentliyi cavabların vasitəçi qismində Pakistan üzərindən çatdırıldığını açıqlayıb.
İranın təklifində bütün cəbhələrdə müharibənin dərhal dayandırılması, ABŞ-nin dəniz blokadasına son qoyulması və ölkəyə qarşı yeni hücumların olmayacağına dair təminat verilməsi kimi şərtlər yer alıb.
İran Prezidenti Məsud Pezeşkian isə X platformasında paylaşdığı açıqlamada bildirib ki, ölkəsi heç vaxt təzyiqlər qarşısında geri çəkilməyəcək və dialoqun aparılması təslim olmaq anlamına gəlmir.
8 aprel tarixində qüvvəyə minən müvəqqəti atəşkəs dövründə neft qiymətlərində azalma qeydə alınsa da, qarşılıqlı təhdidlərin davam etməsi fonunda Brent markalı neftin qiyməti yenidən 100 dolları ötüb.
Trampın İranın cavabını “qəbuledilməz” adlandırmasından sonra Brent markalı neft Asiya bazarlarında 4,1 faiz bahalaşaraq bir barel üçün 105,50 dollara yüksəlib. ABŞ bazarlarında isə xam neftin qiyməti 4,4 faiz artaraq 99,80 dollar təşkil edib.
Enerji qiymətlərinin artması iri neft şirkətlərinin gəlirlərinə də təsir göstərib. Saudi Aramco ilin ilk üç ayında mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 25 faizdən çox artdığını açıqlayıb. BP də eyni dövrdə gəlirinin iki dəfədən çox yüksəldiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində müharibənin tezliklə başa çatacağını desə də, 6 may tarixində İran razılığa gəlməyəcəyi halda bombardıman variantını gündəmə gətirib. İran rəhbərliyi isə sərt bəyanatlarla cavab verməyə davam edir.
İsrailin Baş naziri Benjamin Netanyahu müharibənin sona çatması üçün İranın zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə aradan qaldırılmasının vacib olduğunu bildirib.
ABŞ Dövlət katibi Marco Rubio isə əməliyyatın qarşıya qoyulan məqsədlərə çatdığını açıqlayıb.
BBC News
Nuray Əliyeva